Şrift:
Bu gün Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günüdür
19.02.2019 [10:26] - Xəbərlər, Bildiriş
Bu gün Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü və ya Ümumdünya Balinalar Günüdür.

Bu gün təkcə balinalar deyil, bütün dəniz məməliləri, dəniz və okeanlarda yaşayan bütün canlı varlıqların mühafizəsi günüdür.

Bu təqvim 1986-cı ildən etibarən qeyd edilməyə başlanılıb. Belə ki, 200 il ərzində balinaların vəhşicəsinə məhv edilməsindən sonra Beynəlxalq Balinalar Komissiyası iri balinaların ovlanmasına, balina ətinin ticarətinə qanunla qadağa qoyub. Bu qadağa hələ də qüvvədədir.

Balinaların kommersiya ticarətinin uzun tarixi var. On səkkizinci və on doqquzuncu əsrlərdə balina ovçuluğu çox intensiv aparılırdı və bəzi növlərin nəsli artıq tükənmişdi. İnsanlar balinaları yalnız ət və yağ üçün ovlamayıblar, balina sümüklərindən müxtəlif əşyalar da hazırlayırdılar.

Balina ticarətinə qadağa qoyulsa da, bu dəniz məməlilərinin öldürülməsi hələ də davam edir. Hazırda dünyada 100 növ dəniz məməlisi var. Elm adamlarının vəzifəsi təkcə onları qorumaq deyil, həm də sayını artırmaqdır.

Hazırda dəniz canlılarının ölüm səbəbləri arasında plastik tullantılarla çirklənmə də aktualdır. Belə ki, hər il plastik tullantılar səbəbindən minlərlə balıq, ümumilikdə isə milyonlarla dəniz canlısı tələf olur. Ona görə də dünya ölkələri, o cümlədən də Azərbaycan, həmçinin beynəlxalq qurumlar plastik qablaşdırma məhsulları, o cümlədən polietilen torbalardan istifadənin azaldılması istiqamətində müxtəlif tədbirlər görürlər.

Hər il müxtəlif təbiəti mühafizə qrupları və təşkilatları balinaların və digər su məməlilərinin mühafizəsinə diqqəti cəlb etmək məqsədilə çoxsaylı aksiyalar keçirirlər. Əksər vaxtlarda müxtəlif ölkələrdən olan ekoloqlar birləşərək bu günü təhlükədə olan bir su canlısının mühafizəsinə həsr edirlər.
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed