Şrift:
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub
20.02.2019 [10:36] - Gündəm, Siyasət
Fevralın 19-da Moskvada Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun Çeçenistan Respublikasının məsul nümayəndələri ilə görüşü olub.

Səfirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Çeçenistan Respublikasından Rusiya Dövlət Dumasının deputatı Adəm Dəlimxanov diqqəti Moskvada baş vermiş insidentlə dərhal yaxından maraqlanan və yaranmış vəziyyətin tezliklə nizama salınması barədə göstəriş verən Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında dostluq münasibətlərinə çəkib. Öz növbəsində, səfir Polad Bülbüloğlu Azərbaycan Respublikasının Prezidenti və Çeçenistan Respublikasının başçısının tapşırığı əsasında keçirilən görüşə və ağır günlərində çeçen xalqına dəstəyini əsirgəməyən Azərbaycan dövləti və xalqının ünvanına səslənən xoş sözlərə görə təşəkkürünü bildirib. Hər iki tərəfdən gənc adamların hüquqazidd hərəkətlərini pisləyən səfir, birmənalı olaraq təxribatların və vəziyyətin gərginləşməsinin yolverilməz olduğunu vurğulayıb.

Görüşdə çıxış edən Çeçenistan Respublikasının Daimi nümayəndəsi yanında İctimai Şuranın üzvü, ictimai və din xadimi Şahid-Hacı Qazabayev, Moskva Dövlət Humanitar İqtisad Universitenin professoru Vaqif Bayramov Azərbaycan və Çeçenistan rəhbərlərinin hərəkətlərini dəstəkləyib, hər iki xalqın nümayəndələrini gələcəkdə bu cür halların baş verməsinə imkan verməməyə çağırıblar.

Tədbirdə Çeçenistan Respublikasının Rusiya Federasiyasının Prezidenti yanında səlahiyyətli nümayəndəsi Bekxan Taysmaxanov, Dövlət Dumasının deputatı Maqomed Səlimxanov, Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü Süleyman Geremeyev və hər iki tərəfi təmsil edən digər nümayəndələr iştirak ediblər.

Moskva hakimiyyətini görüşdə regional təhlükəsizlik və korrupsiya ilə mübarizə Departamentinin rəhbəri Vladimir Reqnatski, millətlərarası siyasət və regionlararası əlaqələr Departamenti rəhbərinin vəzifəsini icra edən İvan Petrov və Rusiya DİN-in Moskva şəhəri üzrə Baş İdarəsinin cinayət axtarış idarəsinin rəisi, general-mayor Sergey Kuzmin təmsil ediblər.



Fəridə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 73 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed