Şrift:
Gürcüstan parlamentində Qardabanidə yaşayan azərbaycanlıların problemlərindən danışılıb
21.02.2019 [10:58] - Borçalı
Gürcüstan parlamentinin iclasında ölkənin regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili “nazir saatı” formatı çərçivəsində deputatlar qarşısında hesabatla çıxış edib.

Nazirin çıxışından sonra debatlar olub və azərbaycanlı deputat Savalan Mirzəyev Qardabani rayonunda yaşayan soydaşlarımızın sosial problemlərindən danışıb. Bildirib ki, rayonun Muğanlı kəndində içməli su problemi illərdir ki, həll olunmur. “Kənd əhalisi içməyə yararsız olan texniki sudan istifadə edir və bu da insan sağlamlığına çox ciddi ziyan vurur. Xahiş edirəm, nazirlik bu məsələni diqqətdə saxlasın və problem öz həllini tapsın”, - deyə Savalan Mirzəyev qeyd edib.

Deputat, həmçinin rayondakı Levan Devdariani adına 1 nömrəli ictimai məktəbin idman zalının acınacaqlı vəziyyətdə olduğunu diqqətə çatdırıb. Bildirib ki, L.Devdariani adına hər il basketbol, voleybol və digər idman növləri üzrə turnirlər keçirilir. Təəssüf ki, bu turnirlər həmin məktəbdə deyil, başqa məktəbin idman zalında təşkil olunur. Çünki 1 nömrəli ictimai məktəbin zalı acınacaqlı vəziyyətdədir.

İdman zalının divarlarının dağıldığını, döşəmənin yararsız hala düşdüyünü vurğulayan deputat yerli özünü idarəetmə orqanları ilə birgə səylər nəticəsində sözügedən idman zalının da təmir olunmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, bu il qanunverici orqanda “nazir saatı” formatında 11 nazir hesabat verəcək.



Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed