Şrift:
Erkin Emet: Bir milyon uyğur Çində "tərbiyə düşərgələri"-nə salınıb
21.02.2019 [11:22] - Gündəm, Türk dünyası-Turan
BMT-yə görə, Çin höküməti azı bir milyon uyğuru “yenidən tərbiyə düşərgələri” adını verdiyi nəzarət mərkəzlərində əsir saxlayır. Ankara Universitetində çalışan uyğur müəllim Erkin Emet Amerikanın Səsi ilə söhbətdə deyir ki, “bütün problem bizim hər cəhətdən çinlilərdən fərqli olmağımızdır. Bu, Çini qorxudur. Çin deyir ki, mən səni mənim kimi edəcəyəm.”
Uyğur fəal müsahibədə Çin hökümətinin onillərdən bəri Sincan muxtar bölgəsində (Şərqi Türkistan) törətdiyi qətliamlar və tətbiq etdiyi basqıları şərh etməklə yanaşı, bir milyondan artıq uyğur, qazax və qırğız türkünün saxlandığı həbs düşərgələrinin mahiyyətini açıqlayır.
Erkin Emet, həmçinin uyğur musiqiçi Abdurehim Heyitin vəziyyəti ilə bağlı danışır. Son vaxtlar məşhur musiqiçi ilə bağlı yayımlanan xəbərlər İran Azərbaycanında da xüsusilə türk fəallar arasında narahatlıqlara yol açmışdı.

ABŞ Konqresinin Çin üzrə icraçı komissiyası bu düşərgələri “bu günkü dünyada bir azlıq icmasına mənsub əhalinin saxlanıldığı ən böyük kütləvi həbsxana” kimi dəyərləndirib.
Uyğur müəllimin dediklərinə görə, “Bu, əslində 2004-dən bəri açıq hava düşərgəsi şəklində var. Məsələn ailə planlaması var ki, hər ailəyə ən çox 2 uşaq. Belə planlamalara riayət etməyənləri, ya Çinin təhdid gördüyü insanları bu düşərgələrə göndərirdilər. Bunlar səhər düşərgəyə gedib axşam evinə qayıdırdı. Amma 2017-ci ildə bizim məmləkətimizlə əlaqəmiz tamamən kəsildi və hazırkı düşərgələr ortaya çıxdı.”

Çin əvvəllər inkar edirdi

“Çin belə bir şey yox dedi. İnkar etdi. Sonra Birləşmiş Millətlər, Avropa Parlamenti və dünya ictimaiyyəti basqı etdikcə, dedilər ki, belə düşərgələr var və burada radikal insanlara tərbiyə veririk. Amma bizim indiyə qədər əldə etdiyimiz məlumata görə, bu düşərgələrdə 84 yaşında adamdan 7 yaşına qədər 3 milyona yaxın insanın olduğu artıq bəlli olub. Buradakı durum çox qorxuncdur,” Emet bildirir.

ABŞ Konqresinin Çin üzrə icraçı komissiyası bu düşərgələri “bugünkü dünyada bir azlıq icmasına mənsub əhalinin saxlanıldığı ən böyük kütləvi həbsxana” kimi dəyərləndirib.
Həmin düşərgələrdə saxlanılmış bir neçə Qazaxıstan vətəndaşı son vaxtlar sərbəst buraxıldıqdan sonra Çinin həbs düşəgələrində baş verənləri anladıblar.

Bizim indiyə qədər əldə etdiyimiz məlumata görə, bu düşərgələrdə 84 yaşında adamdan 7 yaşına qədər 3 milyona yaxın insanın olduğu artıq bəlli olub. Buradakı durum çox qorxuncdur.
Erkin Emet
Onlardan biri, Qeyrət Səmərqəndin sözlərinə görə, düşərgələrdə müxtəlif bölmələr var. O cümlədən, digər ölkələrə səyahət etmiş əhaliyə məxsus bir bölmə.

Qeyrətin əyninə dəmirdən düzəlmiş bir növ paltar geydirərək, ona işgəncə ediblər.

Üç növ düşərgə var

Erkin Emet düşərgələrin üç növ olduğunu deyir:

“Üç növ düşərgənin olduğu söylənilir. Biri, həbxsana kimi. Ən təhdid olaraq görülən insanlar qaranlıq evlərdə saxlanılır. İkincisi, ara-sıra günəş görən, təlim altında olan insanlar. Üçüncüsü isə daha açıq, tam təlim şəklində, onlara səhərdən axşama qədər kommunist partiyanın fikirləri öyrədilir...”

Heç bir məhkəmədə mühakimə olunmadan “yenidən tərbiyə düşərgələrində” saxlanılan bir milyondan artıq insandan əlavə, çox sayda fəal, alim və sənətçi də mühakimə edilərək həbs cəzasına məhkum ediliblər. Onlardan biri, “dutarın şahı” adı ilə tanınan Abdurehim Heyitdir. O, son bir neçə ildə Türkiyə, İran Azərbaycanı və Azərbaycan Respublikasında da musiqi sevərlərin rəğbətini qazanıb.

“Həbs düşərgələrinin yenidən ortaya çıxması insanlıq adına utanc qaynağı”

Fevral 7-də Abdurehim Heyitin həbsxanada ikən ölümünə dair xəbərlərin yayılması sosial mediada geniş əks-səda doğurdu.

Bu xəbərin ardınca, Türkiyə xarici işlər nazirliyi bir bəyanat yayaraq, həbs düşərgələrinin 21-ci əsrdə təkrar ortaya çıxmasını “insanlıq adına böyük bir utanc qaynağı” olaraq dəyərləndirdi.
“Sincan bölgəsində yaşanan faciə ilə əlaqədar görüşlərimizi Çin rəsmilərinə hər səviyyədə dilə gətirdik. Belə bir durumda, bir bəstəsi üzündən 8 il həbsə məhkum edilən dəyərli xalq ozanı Abdurehim Heyiyin həbsxanadakı ikinci ilində vəfat etdiyi xəbərini kədərlə öyrəndik. Bu acı hadisə Türk ictimaiyyətinin Sincan bölgəsindəki ağır insan haqları pozuntuları mövzusunda təpkisini daha da qüvvətləndirmişdir,” deyə Türkiyə xarici işlər nazirliyinin bəyanatında qeyd edilib.

Lakin bu bəyanatdan sonra Çin hökümətinin rəsmi mediası sənətkardan bir video yayımlayaraq onun ölümünü təkzib etdi.

#MeTooUyghur kampaniyası

Bu videonun yayılması uyğur türkləri tərəfindən geniş bir kampaniyanın başladılmasına yol açdı. Sosial şəbəkələrdə minlərlə uyğur istifadəçi #MeTooUyghur haştaqı ilə Çin hökümətinə mesaj göndərirlər: Bizim yaxınlarımızın da həyatda olduğunu göstərən videolar paylaşın!
Abdurehim Heyit olayı Çinin çaşqınlığına səbəb oldu

Erkin Emet 1980-dən 1988-ci ilə qədər Çini paytaxtı Pekində tələbə ikən həmşəhrisi Abdurehim Heyit ilə yaxından əlaqədə olub.

Türkiyədəki bu sevgini, xarici işlər nazirliyinin təpkisini gördükdən sonra Çin çaşqın oldu. Dedi, necə olub ki, bu adamı bu qədər tanıyırlar? Bu Çini qorxudur.
Erkin Emet
“Heyit o dövrdə Çin azlıqlar sənət ansamblında çalışırdı. Onun uşaqlıqdan gələn bir qabiliyyəti var. Dutar ustadı bir atanın uşağıdır... O, gənc yaşda çox məşhur olmuşdu. Amma texnologiyanın inkişafı və sosial medianın ortaya çıxması ilə mahnıları çox geniş bir coğrafiyaya yayıldı..,” Ankara Universitetinin müəllimi bəyan edir.

Erken Emetin söylədiklərinə görə, Abdurehim Heyitə göstərilən diqqət Çində çaşqınlıq yaratdı:

“Türkiyədəki bu sevgini, xarici işlər nazirliyinin təpkisini gördükdən sonra Çin çaşqın oldu. Dedi, necə olub ki, bu adamı bu qədər tanıyırlar? Bu, Çini qorxudur. Məsələ bu, bütün problem bizim çinlilərdən fərqli olmağımız. Hər yönü ilə fərqli olmağımız Çini qorxudur. Çin deyir ki, səni mən, mənim kimi edəcəyəm.”

Çin milli duyğuya sahib olanları pan-türkizm, dini məlumata sahib olanları isə pan-islamizmdə günahlandırır

“Dövlətin təhlükəsizliyinə təhdid kimi görülənlərin hamısı ya pan-türkist, ya da pan-islamist damğası ilə mühakimə edilir. Çin buradakı türk soylu olan uyğur, qazax, qırğız, tatar və özbəkləri, daha çox milli duyğuya sahib olsalar, pan-türkizm, dini məlumata sahib olanları isə pan-islamizdə günahlandıraraq içəriyə atıb. Abdurehim Heyit də pan-türkizm ittihamı ilə günahlandırılıb,” Emet ifadə edir.

Uzun müddətdir Şərqi Türkistanda yaşayan bacısı, qardaşları və digər yaxınlardan heç bir xəbər ala bilməyən Erkin Emet, yaxınlarından 13 nəfərinin “yenidən tərbiyə düşərgələrinə” göndərildiyini bildirir.
Bu xəbər oxucular tərəfindən 583 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed