Şrift:
Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Beynəlxalq Ana Dili Günü ilə bağlı bəyanat yayıb
21.02.2019 [11:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti 21 Fevral- Beynəlxalq Ana Dili Günü ilə bağlı bəyanat yayaraq İran rejiminin ölkədəki qeyri-fars dillərinə qarşı tətbiq etdiyi qadağanı pisləyib.

“Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası 20 il əvvəl 21 fevralı Beynəlxalq Ana Dili Günü kimi qəbul etdikdən sonra əksər ölkələrdə yerli və ana dilləri ilə bağlı ciddi dəyişikliklər baş verib, beynəlxalq təşkilatlar isə bu istiqamətdə fəaliyyətlərini daha da gücləndirib.
Misal üçün 2018-ci il noyabrın 28-də BMT-nin milli azlıqlarla bağlı keçirdiyi iclasda önəmli qərar verildi. Ərk Cəmiyyəti nümayəndəsinin də qatıldığı iclasda “ana dili” 2019-cu ilin iclasının mövzusu kimi seçildi. BMT Baş Assambleyası 2019-cü ili “yerli dillərin qiymətləndirilməsi” ili elan etdi. UNESCO Təşkilatı isə 2019-cu il yanvarın 28-də “yerli dillərin qiymətləndirilməsi” üçün fəaliyyətlə bağlı mərasim təşkil etdi.
İslam Cümhuriyyətinin nümayəndəsi də BMT Baş Assambleyasında “Beynəlxalq Ana Dili Günü”nun lehinə səs verib, hətta cari ilin “yerli dillərin qiymətləndirilməsi” ili elan olunmasını da qəbul edib. Lakin İran dövləti nəinki yerli dillərin müdafiəsi uğrunda heçnə etməyib, hətta ana dilinin tədrisi ilə bağlı İran konstitusiyasının 15-ci maddəsini də 40 ildir ki, icra etmir. Dövlət bu işlərin yerinə ana dilində təhsil tələb edən etniklərdən ibarət qrupların fəallarını qondarma ittihamlarla saxlayır və həbs edir”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

Ərk Cəmiyyəti ana dilinin bir millətin taleyində oynadığı rola işarə edərək İran rejiminin ölkənin dörddə üçünü təşkil edən qeyri-fars millətlərinə qarşı asimilasyon siyasəti apardığını, bu məqsədlə ana dilində təhsilə qadağa qoyduğunu bildirib.

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti bəyanatın sonunda 21 Fevral – Beynəlxalq Ana Dili Gününü təbrik edərək ana dili ilə bağlı aşağıdakı tələbləri irəli sürüb:
- Azərbaycan türkcəsi rəsmi dil kimi tanınsın;
- Bütün təhsil pillələrində Azərbaycan türkcəsində təhsil almaq mümkün olsun;
- Azərbaycan türkcəsi və ədəbiyyat mədəniyyət evi yaradılsın;
- Azərbaycan türkcəsində ölkə üzrə yayımlanan televiziya və qəzet təsis olunsun;
- Azərbaycan türkcəsinin təhqir edilməsinə son qoyulsun və dərsliklərdə türk tarixinin təhrif edilməsi dayandırılsın;

Bəyanat Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin müdiri xanım Jalə Təbrizi tərəfindən yayılıb.

N.S
Bu xəbər oxucular tərəfindən 79 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed