Şrift:
İran rejiminin sonunun yaxınlaşdığını deyən axund yoxa çıxıb
23.02.2019 [10:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran media orqanlarının bəziləri rejimin sonlarının yaxınlaşdığını deyən, Tehranda fəaliyyət göstərən “imam Mehdi elmi hövzəsi”nin müdiri Ruhullah Qərəhinin yoxa çıxması barədə məlumatlar dərc ediblər.

Məlumatlara əsasən, o, son dəfə 8 ay bundan əvvəl Tehranın Həkimiyyə qəsəbəsində görünüb. Həmin vaxtdan bu günə qədər Ruhullah Qərəhidən heç bir məlumat yoxdur. Bu müddət ərzində informasiya resurslarında onun harada və hansı şəraitdə olması barədə heç bir məlumat yayımlanmayıb. Eləcə də, axundun yaxınları və “elmi hövzə”nin işçiləri də onun taleyi barədə məlumatsız olduqlarını bildirirlər.

“İmam Mehdi elmi hövzəsi”nin ictimaiyyətlə əlaqələr şöbəsi 8 yanvar 2016-cı ildə onun dərslərindən birində İran rejiminin ömrü barədə söylədiyi fikirləri dərc etmişdi. Bu dərsdə axund bildirmişdi ki, “bəzi hadisələr də yaxın gələcəkdə baş verəcək. Mən bir yeni məsələni burda deməyi özümə borc bilirəm. O məsələ budur ki, islam inqilabı ən çox 50-ci ildönümünə qədər öz həyatına davam edəcək, ondan çox yaşaması mümkün deyil”.

2018-ci ilin iyul ayında isə İran xəbər agentliklərindən bəziləri Qərəhinin səhhətində problemlərin yarandığı və bundan sonra öz ruhani fəaliyyətlərini davam etdirmək iqtidarında olmadığı barədə xəbər dərc etmişdilər. Bu xəbərlərdən sonra axund yoxa çıxıb və həmin müddətdən sonra onun harada olduğu barədə hətta ən yaxın adamlarında belə məlumat yoxdur. Yaxınlarının dediklərinə görə, heç bir qurumdan Qərəhinin taleyi barədə məlumat əldə edə bilmirlər.

Qeyd etmək lazımdır ki, Ruhullah Qərəhi Qumda axund təhsili aldıqdan sonra Almaniyanın Hamburq Universitetində qərb fəlsəfəsi üzrə öz doktorluq dissertasiyasını müdafiə edib. O, İran rejiminin dəstəkçilərindən və Əli Xamneyinin yaxınlarından hesab edilir. Lakin 2016-cı ildə İran rejiminin ən uzağı 50 il yaşayacağı barədə dediyi fikirlərdən sonra rejimin rəhbər dairələri ilə münasibətlərində problem yaşanmışdı. Hətta onun son vaxtlar axund paltarı geyinmədiyi barədə də məlumatlar yayılırdı.
Bu xəbər oxucular tərəfindən 69 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed