Şrift:
Beynəlxalq Ana Dili Günü; Meşginşəhrdə şagirdlərə türkcə kitablar hədiyyə edilib / Ərdəbildə əsnaflar da kitab paylama kampaniyasına qoşulub
23.02.2019 [10:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan şəhərlərində 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə kitab paylama kampaniyası davam etdirilir.

Məlumata görə, Meşginşəhr (Xiyav) şəhərində məktəblərdə şagirdlərə çox sayda türkcə kitablar hədiyyə edilib. Azərbaycanlı milli-mədəni fəallar tərəfindən kitabların paylanması müəllimlər, şagirdlər və onların valdeyinləri tərəfindən alqışlanıb.

Kitab paylama kampaniyası ötən günlərdə Ərdəbil, Tehranın Gülüstan (Sultanabad) şəhəri, Zəncan, Urmiyə, Marağa və Təbriz şəhərlərində də həyata keçirilib. Kampaniyanın keçirilməsindən məqsəd İranda türk dilində təhsilə qoyulan qadağaya etirazdan ibarətdir.

Ərdəbil şəhərində isə əsnaflar və mağaza sahibləri kitab paylama kampaniyasına qoşulub.
Artıq bir çox mağazada müştərilərə türk dilində kitabların hədiyyə edildiyi bildirilir. Beynəlxalq Ana Dili Günü münasibəti ilə başladılan kampaniyada şəhər əhalisi və məktəblilər arasında paylanılan kitabların sayı yüzlərlədir.

Bu arada xatırladaq ki, İran zindanlarında məhbus həyatı yaşayan azərbaycanlı fəallar Beynəlxalq Ana Dili Günü münasibəti ilə aclıq aksiyası keçirir.
Abbas Lisani, Lətif Həsəni, Siyamək Mirzayi, İbrahim Nuri və Əmir Səttari bir neçə gün əvvəl bəyanat yayaraq fevralın 20-dən aclıq edəcəklərini elan ediblər. 5 gün davam edəcək aksiya məktəblərdə türk dilinin tədris olunmaması və türk dilinin İranda rəsmi dil kimi tanınmamasına etiraz olaraq keçirilir.

Ərdəbilli fəallar kitab paylama kampaniyasını siyasi məhbusların aclıq aksiyası bitənədək davam etdirmək niyyətindədir.

Təhsil ocaqlarının açılışı günü ərəfəsində də başda Ərdəbil şəhəri olmaqla Güney Azərbaycanın əksər şəhərlərində “Hər azərbaycanlı şagird üçün türkcə bir kitab” kampaniyası keçirildi. Təxminən 2 ay davam edən kampaniyada azərbaycanlı məktəblilərə çox sayda türkcə kitablar hədiyyə edilmişdir.

Beynəlxalq Ana Dili Günü; Meşginşəhrdə şagirdlərə türkcə kitablar hədiyyə edilib / Ərdəbildə əsnaflar da kitab paylama kampaniyasına qoşulub
Bu xəbər oxucular tərəfindən 78 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed