Şrift:
Azərbaycanlı deputat bələdiyyələri Türkiyə modelinə keçirməyi təklifi edir
25.02.2019 [10:10] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Biz bu sistemə keçmədən bələdiyyələrə marağı artıra bilməyəcəyik”

Bu il həm Türkiyədə, həm də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Artıq qardaşa ölkədə ictimaiyyət martın 31-də keçiriləcək bu seçkilərə köklənib, siyasi aktivlik pik həddini yaşayır.

Amma Azərbaycanda bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı hətta çoxlarının məlumatı belə yoxdur. Cəmiyyətdə heç bir seçki ab-havası, hazırlığı müşahidə olunmur. Sanki bələdiyyələrin insanlara aidiyyəti yoxdur...

Buna səbəb nədir? Bələdiyyələrin əhəmiyyətli quruma çevrilə bilməməsi, yoxsa insanların seçki laqeydliyi?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hesab edir ki, Türkiyədən fərqli olaraq Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı aktivliyin olmaması daha çox zamanla bağlıdır: “Bələdiyyə seçkiləri Türkiyədə yaxınlaşır. Ona görə qardaş ölkədə seçkilərdəki aktivlik gözləniləndir. Bizdə bələdiyyə seçkilərinə hələ xeyli vaxt var. Bunları nəzərə almaq lazımdır. İndidən cəmiyyətin bələdiyyə seçkilərinə köklənməsi gözlənilən deyil. Digər tərəfdən Türkiyədəki bələdiyyə sistemi Azərbaycandan fərqlidir. Orada bələdiyyələr faktiki olaraq idarəetmədə üstün vəziyyətdədirlər. Türkiyədə faktiki olaraq icra hakimiyyətləri bələdiyyələrin işinə ya yardım edir, ya da nəzarət edir. Azərbaycanda bələdiyyələrin səlahiyyətlərini, fəaliyyətlərini artırmaq lazımdır. Bunu yerli icra nümayəndələrinin səlahiyyətlərinin bir hissəsini alıb bələdiyyələrlə verməklə etmək olar. Əgər seçicilər görsələr ki, seçdikləri adamlar idarəetmədə birmənalı şəkildə cavabdehdirlər, o zaman həm tələb normal olacaq, həm də bələdiyyələr işləməyə məcbur olacaqlar. Türkiyədə məhz bu sistem olduğu üçün bələdiyyələrə maraq yüksəkdir. Orada yerli idarəetmə faktiki olaraq bələdiyyələrdədir. Biz bu sistemə keçmədən bələdiyyələrə marağı artıra bilməyəcəyik. Düzdür, bizdə seçicilərin bələdiyyə seçkilərinə hazırda köklənməməsi, Türkiyədə isə köklənməsi əsasən zamanla bağlıdır. Amma bütün hallarda bələdiyyə seçkilərində fəal olmasının çarəsini yalnız bələdiyyələrin statusunun indiki icra strukturlarının statusunun azaldılması və bələdiyyələrə verilməsində görürəm. Bu ən vacib şərtlərdən biridir. Bununla yerlərdə problemlər həll olunacaq, mərkəzə bu problemlərin gəlməsinə ehtiyac qalmayacaq. Yerlərdə bir problem olan kimi insanlar günahı yuxarılarda axtarırlar. Amma bələdiyyələrin yuxarıda dediyim səlahiyyətləri artırılanda belə olmayacaq. Hər kəs öz səlahiyyətləri çərçivəsində olan məsələləri biləcək. Bunları bacarmayanlar seçilməyəcəklər. Biz bu sistemə keçsək, həm bələdiyyələrə maraq artacaq, həm də səlahiyyət bölgüsü və problemlərin lokallaşması olacaq”.

Deputat deyir ki, böyük şəhərlərdə şəhər bələdiyyələri seçilməlidir: “Yerlərdə də mütləq bələdiyyələr iş başında olmalıdırlar. Bələdiyyələri əhəmiyyətsiz hala salmaq doğru deyil. Biz mərkəzdən qaçan bir sistem qurmalıyıq. Prezident son çağırışlarında bildirib ki, indiki idarəetmədəki qüsurları dəyişmək lazımdır. Məncə islahatlar paketində buna xüsusi diqqət ayırmaq lazımdır. Həm əhalinin idarəetmədə birbaşa iştirakını nəzərdə tutmalıyıq, həm də səlahiyyət və hüquq bölgüsü yerində olmalıdır. Bunlar olmadan mümkün deyil. İndi bələdiyyələrin adını çəkəndə daha çox torpaq satan qurum kimi ağıla gəlir. Bələdiyyələr bütün iş məsələlərində, yerli infrastrukturun qurulmasında birmənalı şəkildə söz sahibi olmalıdırlar. Əks halda insanların bələdiyyələrə maraqları olmayacaq. Demək olar, hər kəndin bələdiyyəsi var. Minlərlə bələdiyyə mövcuddur. Belə baxanda onlara ancaq dotasiya ayrılır, kömək olunur. Onlar da arxayınlaşıb ciddi fəaliyyət göstərmirlər”.

Cavanşir ABBASL,
“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 319 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed