Şrift:
Siyasi məhbuslar aclıq aksiyası keçirdiyi müddətdə kitab paylama kampaniyası davam etdirilib, Ərdəbil və Meşginşəhrdə...
25.02.2019 [11:21] - Güney Azərbaycan xəbərləri
Xəbər verdiyimiz kimi, 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə Güney Azərbaycan şəhərlərində müxtəlif tədbirlər, o cümlədən türkcə kitab paylama kampaniyası həyata keçirildi.

İran zindanlarında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəallar isə ana dilində təhsilin əhəmiyyətini vurlamaq məqsədi ilə Beynəlxalq Ana Dili Günlərində aclıq aksiyası keçirdilər. Bir çox Azərbaycan şəhəri, o cümlədən Ərdəbil və Meşginşəhrdə (Xiyav) fəalların aclıq etdiyi gündən türkcə kitab paylama kampaniyasına start verildi. Şəhərlərin müxtəlif məntəqələrində azərbaycanlı şagirdlərə çox sayda türkcə kitab hədiyyə edildi, kampaniya fevralın 24-ü axşam saatlarına qədər davam etdirildi.

Xatırladaq ki, azərbaycanlı siyasi məhbuslar Abbas Lisani, Lətif Həsəni, Siyamək Mirzayi, İbrahim Nuri və Əmir Səttari bir neçə gün əvvəl bəyanat yayaraq fevralın 20-də 5 günlük aclıq aksiyasına başlayacaqlarını elan etmişdilər. Bəyanatda məktəblərdə türk dilinin tədris olunmaması və türk dilinin İranda rəsmi dil kimi tanınmamasına kəskin etiraz edilmişdir.

Təhsil ocaqlarının açılışı günü ərəfəsində də başda Ərdəbil şəhəri olmaqla Güney Azərbaycanın əksər şəhərlərində “Hər azərbaycanlı şagird üçün türkcə bir kitab” kampaniyası keçirildi. Təxminən 2 ay davam edən kampaniyada azərbaycanlı məktəblilərə çox sayda türkcə kitablar hədiyyə edilmişdir.

Ərdəbil:
Bu xəbər oxucular tərəfindən 101 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed