Şrift:
Sərhəddən hərbi təlimlərlə İrəvana verilən mesaj
25.02.2019 [13:52] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “İrəvan ağlını başına yığmalıdır, yoxsa, Türkiyə və Azərbaycan birlikdə Ermənistanla fərqli dildə danışacaq”

Türkiyə Ermənistanla sərhəddə, Qars vilayətində genişmiqyaslı hərbi təlimlər keçirir. “Qış-2019” adı verilən təlimdə 15 ölkədən çoxsaylı hərbçilər iştirak edir. Bu təlimlərə Azərbaycan hərbçiləri də qoşulub.
Bu kimi təlimlərlə həm Türkiyə, həm də Azərbaycan özünün nəyə qadir olduğunu bir daha düşmənlərə göstərmiş olurlar. Bu mənada gücün-gündən zəifləyən Ermənistan bu təlimlərdən hansı nəticələr çıxarmalıdır?

Milli Məclisin deputatı Fərəc Quliyev bildirdi ki, Ermənistan Türkiyədə Azərbaycanın da iştirakı ilə keçirilən hərbi təlimlərdən nəticə çıxarmasa, sabahı heç də yaxşı olmayacaq: “Türkiyə dünyanın ən güclü ordusuna malik ölkələrdən biridir. Türkiyə dövləti həm də NATO-nn cənub qalası sayılır.
Bu yaxınlarda Amerika tərəfindən türk ordusuna qarşı bir ordu mesajı veriləndə, Avropa dövlətləri də onun əleyhinə çıxdı. Bu, təkcə Türkiyə ordusuna olan sayğıdan irəli gəlmir, həm də ehtiyatdan irəli gəlir. Hər bir qonşu dövlət də Türkiyə ilə təkcə onunla əməkdaşlığn mənafelərinə uyğun olmasına görə hesablaşmır, həm də gücünə görə hesablaşır. Bir ara türk ordusunu parçalamağa çalışdılar.Qardaş ölkədə çevriliş cəhdləri oldu və bu zaman ordunun bir hissəsini də ələ almağa çalışdılar. Lakin bütün ölkə və Türkiyə ordusu öz gücünü qoyaraq dünyaya nəyə qadir olduğunu bir daha nümayiş etdirdi.
İndi də dünyanın müxtəlif bölgələrində, xüsusən də Yaxın Şərqdə baş verən hadisələrin fövqündə Türkiyə əzələ nümayiş etdirir. Bundan Ermənistan da dərs götürməlidir. İrəvan mütəmadi olaraq guya ermənilərin soyqırıma məruz qaldığını qaldırmağa, türk dünyasını parçalamağa çalışır, Türkiyə ərazisinə əsassız iddialar irəli sürür, Azərbaycan torpaqlarını hələ də işğalda saxlayırlar.
Türkiyə isə keçirdiyi hərbi təlimlərlə Azərbaycanla birlikdə necə bir qüdrətli orduya malik olduğunu nümayiş etdirir. Bununla Türkiyə həm özünün ərazi bütövlüyünü qorumaq iqtidarında olduğunu göstərir. Həm də Azərbaycanın həmin təlimlərdə ənənəvi olaraq iştirakı ona işarədir ki, bütün mənalarda bu iki qardaş ölkə bir yerdədir, dostlarımız, düşmənlərimiz də birdir. Bu da Ermənistan üçün təbii ki, ciddi mesajdır.
Son zamanlar Ankaranın Moskva ilə yaxınlaşması, habelə Türkiyənin Ermənistanla sərhəddə hərbi təlimlər keçirməsi də İrəvana Kollüektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və oradakı Rusiya qüvvələrinə çox da arxalanmaması üçün ciddi bir mesajdır. Ankara ilə Moskva arasında xoş və normal münasibətlər var. Ona görə də İrəvan ağlını başına yığmalıdır, yoxsa, Türkiyə və Azərbaycan birlikdə Ermənistanla fərqli dildə danışa bilərlər. Bu da diplomatik dildə deyilən ciddi bir hərəkətdir”.

Milli Məclisin deputatı Tahir Kərimli bildirdi ki, İrəvan Türkiyə və Azərbaycanın keçirdiyi hərbi təlimlərdən nəticə çıxararaq işğal prosesinə, düşmənçiliyə son qoymalıdır. Əks halda, ermənilərin vəziyyəti daha da ağırlaşacaq: “Həqiqətən də, Türkiyənin Ermənistanla sərhəd ərazilərdə keçirdiyi hərbi təlimlər Ermənistanı ciddi narahat edib. Burada digər ölkələrlə yanaşı, Azərbaycan hərbçilərinin də iştirakı İrəvanın əməlli-başlı həyəcanına səbəb olub. Ona görə də bu təlimlər düşmən ölkə üçün ciddi bir mesajdır. Rusiyanın özü Türkiyədə keçirilən bu kimi təlimlərə əvvəlki tək daha kəskin şəkildə qıcıqlanmır. Ermənistanı həmin təlimlərdə qorxudan bir məqam da məhz bundan ibarətdir. Bu da İrəvanın yeni hökumətinin Rusiyaya münasibətdə tutduğu ikili mövqeyindən irəli gəlir. Bu mənada da Türkiyədə keçirilən həmin hərbi təlimlər İrəvanı narahat edir. Ermənistan ağır şəraitdə yaşamaqda davam edir. Onun iqtisadiyyatının 80 faizi Rusiya ilə bağlıdır. Amma Paşinyan Qərblə yaxınlaşma yolu tutduğundan Moskva ondan müəyyən dərəcədə inciyib. Belə bir vəziyyətdə Türkiyədə keçirilən hərbi təlim və burada Bakı ilə Ankaranın birgə əməkdaşlığı sözsüz, düşmən ölkəni təşvişə salmalıdır, necə ki, salır.
Düşmən tərəf bu hərbi təlimlərdən müharibə iyinin gəldiyini hiss edir. Ona görə də Ermənistan bundan nəticə çıxararaq, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq yolunu tutmalıdır. Münasibətlərin normallaşdırılması isə sözsüz ki, işğal etdikləri torpaqlardan çıxmaları, Azərbaycan və Türkiyəyə ərazi iddialarından imtina etmələrindən keçir. Əks təqdirdə, ermənilərin bu sayaq narahatlığı daha da dərinləşəcək. Getdikcə tarixi şərait Azərbaycanın xeyrinə, Ermənisanın isə ziyanına doğru dəyişir”.
Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 153 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed