Şrift:
Avstraliya hökuməti Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır və Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır
26.02.2019 [10:53] - Gündəm, Siyasət
Avstraliya Xarici İşlər Nazirliyi Avstraliya Azərbaycan Assosiasiyasının Xocalı soyqırımı ilə bağlı müraciətinə rəsmi cavab verib.

Bu barədə assosiasiyanın sədri Mikayıl Oyta agentliyin Avstraliya bürosuna məlumat verib. Bildirib ki, məsələ ilə bağlı hələ ötən ilin fevralında Avstraliyanın Baş nazirinə məktub ünvanlanıb. Lakin ölkədə baş verən hakimiyyət dəyişikliyi səbəbindən cavab gecikib. Buna görə də xarici işlər naziri Maris Peynin adından göndərilən cavab məktubunda assosiasiyanın sədri Mikayil Oytadan gec cavab verildiyi üçün üzr istənilir.

Avstraliya hökumətinin 1988-1994-cü illər ərzində Dağlıq Qarabağ regionunda baş verən münaqişə nəticəsində yaranan vəziyyət haqqında məlumatlı olduğu, 1992-ci il fevralın 26-da Xocalıda törədilən dəhşətli hadisələrin unudulmadığı qeyd edilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin zəruriliyinin vurğulandığı məktubda hər iki tərəf buna dəstək verməyə çağırılır. Avstraliya hökumətinin ATƏT-in Minsk qrupunun davam edən vasitəçilik missiyasını dəstəklədiyi bildirilir.

Məktubda beynəlxalq ictimaiyyətin mövqeyinə uyğun olaraq, Avstraliya hökumətinin münaqişə ilə bağlı uzunmüddətli mövqeyə malik olduğu, xüsusilə Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyi və dəstəyinin birmənalı olduğu, Dağlıq Qarabağı müstəqil qurum kimi tanımadığı vurğulanır.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 65 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed