Şrift:
Dərginin “Beynəlxalq Ana Dili Günü” ilə bağlı özəl sayının yayılmasına maneçilik yaradılıb - Təbriz “Pəyam Nur” Universitetində
26.02.2019 [11:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz “Pəyam Nur” Universitetinin məsulları öyrəncilər tərəfindən “Beynəlxalq Ana Dili Günü” mövzusunda yayımlanan özəl sayının yayılmasına maneçilik yaradıb.

Universitetin “Azərbaycan sivilizasiya və mədəniyyəti” dərgisinin özəl sayı fevralın 21-də öyrəncilər arasında yayılıb, dərginin nəşrindən narahat olan universitet rəhbərliyi onun yayılmasına maneçilik yaradıb.

Təbriz “Pəyam Nur” Universitetinin rəisi Dr. Fəzli məsələyə kobud şəkildə müdaxilə edib. O dərginin yayıldığı yerə müraciət edərək onun öyrəncilərdən yenidən toplanmasını istəyib, lakin onun bu tələbi öyrəncilərin etirazı ilə qarşılanıb. O bundan sonra həmin yerdən uzaqlaşıb və dərginin yazıçılar heyətini kabinetinə çağırıb.

Dərginin müdir-məsulu rəisin kabinetinə müraciət etdikdən sonra, Dr. Fəzli müavini, universitetin təhlükəsizlik bölümünün (Hərasət) rəisi və öyrəncilərin qarşısında onunla yüksək tonda və təhqiramiz şəkildə danışıb, sonda öyrəncini kabinetindən çölə çıxarıb. Məlumata görə, təhlükəsizlik bölümünün rəisi Dr. Fəzlini sakitləşdirərək mübahisənin daha da qızışmasına imkan verməyib.

Bundan sonra dərginin baş redaktor və müdir-məsulu Şərqi Azərbaycan Əyaləti “Pəyam Nur” Universitetinin rəis müavini Dr. Qənizadəyə müraciət edərək onunla müzakirə aparıblar. Lakin Dr. Qənizadə dərginin şənbə günü yayılmasına heç bir dəstək verməyəcəyini açıqlayıb. O hətta “Azərbaycan sivilizasiya və mədəniyyəti” dərgisinin məsullarını ittihamlara məruz qoyaraq dərginin lisenziyasını ləğv etməklə hədələyib.

Adını çəkdiyimiz dərginin yazıçılar heyəti fəaliyyətlərinin qanunauyğun olduğunu bildirərək fevralın 24-də özəl sayının 1000 nüsxəsini öyrəncilər arasında yayıblar. Bundan sonra universitetin təhlükəsizlik bölümü məsələyə müdaxilə edib və dərginin təhsil müəssisəsində yayılmasının qarşısını alıb.
Bu xəbər oxucular tərəfindən 67 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed