Şrift:
Rusiya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam olaraq dəstəkləyir
27.02.2019 [10:09] - Gündəm, Siyasət
Məlum olduğu kimi, fevralın 25-də Bakıda “Ortaq gələcəyin qurulması, ortaq keçmişin axtarışı və ortaq bu günün inkişafı” adlı illik konfrans keçirilib. Tədbir “AZER-GLOBE” İctimai-Siyasi Tədqiqatlar İnstitutu (Azərbaycan) və Siyasi Tədqiqatlar İnstitutu (Rusiya) tərəfindən təşkil edilib.

Konfransın işində Azərbaycan Respublikası Milli Məclisin deputatları, Rusiya Federasiyasının Federasiya Şurasının üzvləri və Dövlət Dumasının Federal Məclisinin deputatları, ictimai xadimlər və iki ölkənin ekspertləri iştirak ediblər.

Fevralın 26-da “Sputnik Azərbaycan” informasiya agentliyində konfransın Rusiya tərəfindən iştirakçıları ilə jurnalistlərin görüşü keçirilib.

Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya-Türkiyə İctimai Forumunun baş katibi Sergey Markov diqqətə çatdırıb ki, konfransda əsasən Rusiya ilə Azərbaycan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. O əlavə edib: “Ölkələrimiz bir çox məsələlərdə bir-birini dəstəkləyir, xalqlarımız arasında dostluq əlaqələri ildən-ilə möhkəmlənir, eyni vəziyyət beynəlxalq siyasi arenada da müşahidə olunur. Rusiya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam olaraq dəstəkləyir. Mədəni mübadilə də yüksək səviyyədədir. Bakıda rus dilinə və slavyan mədəniyyətinə böyük maraq göstərilir. Bu, bizi sevindirməyə bilməz”.

Dövlət Dumasının ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədr müavini Oksana Puşkina konfransın işi haqqında danışıb. O deyib: “Mən Azərbaycanı hələ 2001-ci ildə özüm üçün kəşf etmişəm. Azərbaycan xalqını və sizin zəngin mədəniyyətinizi çox sevirəm. Sevindirici haldır ki, ölkələrimiz bir-biri ilə sıx əməkdaşlıq edirlər. Dünənki görüşdə biz, həmçinin fiziki imkanları məhdud olan uşaqların müdafiəsi ilə bağlı məsələləri də müzakirə etdik. Ortaq səylərlə onlara kömək etmək, onların cəmiyyətə inteqrasiyası üçün şərait yaratmaq lazımdır. Əminəm ki, biz bu işin öhdəsindən gələcəyik”.

Rusiya nümayəndə heyətinin üzvlərinin Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçirilən ümumxalq yürüşündə iştirak etdiklərini diqqətə çatdıran hərbi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Xocalı faciəsini XX əsrin ən dəhşətli cinayətlərindən biri adlandırıb. Tədbir iştirakçıları ümidvar olduqlarını bildiriblər ki, dinc əhaliyə qarşı bu qırğını törədənlər tezliklə layiq olduqları cəzanı alacaqlar.

Tədbir diskussiyalarla davam edib.
Bu xəbər oxucular tərəfindən 71 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed