Şrift:
Britaniya “Hizbullah”ın siyasi qolunu da terrorist təşkilatlar siyahısına əlavə edəcək
27.02.2019 [10:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Britaniya hökuməti İran tərəfindən himayə edilən “Hizbullah”ın siyasi qolunun terrorist təşkilatlar siyahısına əlavə edilməsi ilə bağlı qərar qəbul edib.

Bu qərarın icra edilməsi və Parlament tərəfindən təsdiqlənməsi halında, “Hizbullah” Britaniya tərəfindən tamamilə terror qruplaşması kimi tanınacaq.

Böyük Britaniyanın daxili işlər naziri Sacid Cavid bu məsələyə münasibətində bildirib ki, “Hizbullah hələ də Yaxın Şərqdə gərgin vəziyyəti daha da gərginləşdirməyə davam etdiyinə görə, biz daha təşkilatın hərbi və siyasi qanadı arasında fərqin olmadığını görürük. Buna görə də bu təşkilatın fəaliyyətlərinin qeyri- qanuni elan edilməsi istiqamətində qərar qəbul edilib”.

Fransa xəbər agentliyinin məlumatına görə, Britaniya hökuməti bu barədə qərar qəbul etməyi ötən ilin yazında Londonda fələstinlilərə dəstək məqsədi ilə keçirilən aksiyada “Hizbullah” bayrağının dalğalandırılmasından sonra irəli sürüb.

Britaniyanın xarici işlər naziri Ceremi Hunt isə fevral 25-də bildirib ki, ölkəsi Livanda sülh və əmin- amanlığının hökm sürməsini istədiyindən, terrorizmin mövcudluğu qarşısında yumşaq davrana bilməz: “Hizbullahın hərbi və siyasi qolu arasında heç bir fərqin olmadığı açıq- aşkar hamıya məlumdur. Hizbullaha qarşı hər bir mümkün formada sanksiyalar qəbul etməklə, dövlət bu qruplaşmanın regionda sabitliyi pozmağa yönəlmiş və Britaniyanın milli təhlükəsizliyinə təhdid olan addımlarının qəbul edilməz olduğu barədə açıq mesaj verir”.

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sədri Mayk Pompeo bəyanat yayaraq, Britaniyanın bu qərarının doğru addım olduğunu bildirib.

Qeyd etmək lazımdır ki, “Hizbullah” terror təşkilatı Livanda fəaliyyət göstərən və İran tərəfindən himayə edilən dini- siyasi qruplaşmadır. Qruplaşmanın üzvləri dəfələrlə müxtəlif ölkələr tərəfindən qadın alveri, silah qaçaqmalçılığı, narkotik maddələrin qanunsuz dövriyyəsi və digər bu kimi fəaliyyətlərə görə sanksiyalara məruz qalıblar. Amerika Birləşmiş Ştatları başda olmaqla, bir çox ölkə “Hizbullah”ı terror təşkilatı kimi tanıyır.
Bu xəbər oxucular tərəfindən 75 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed