Şrift:
Azərbaycan ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında mövcud əməkdaşlıq məsələləri müzakirə olunub
28.02.2019 [10:21] - Gündəm, Siyasət
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında iştirakı çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başelet ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı tərəflər BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə Azərbaycan arasında mövcud əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmmədyarov Ali Komissar Mişel Başeletə Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış bir milyondan çox azərbaycanlının öz doğma yurd-yuvalarından zorla didərgin salınaraq məcburi köçkün vəziyyətinə düşdüyünü xatırladaraq, fundamental haqları pozulan məcburi köçkünlərin insan hüquqlarının bərpa olunmasının vacibliyini vurğulayıb. Bu xüsusda, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı tərəfindən konkret tədbirlərin və prinsipial mövqeyin nümayiş etdirilməsinin əhəmiyyəti ifadə olunub.

Görüşdə tərəflər arasında, həmçinin beynəlxalq gündəlikdə duran bəzi məsələlər üzrə müzakirələr aparılıb.

Ali Komissar Mişel Başelet BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı ötən il Azərbaycan tərəfindən verilmiş könüllü ianələrə görə nazir Elmar Məmmədyarova minnətdarlığını ifadə edib.
Bu xəbər oxucular tərəfindən 489 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed