Şrift:
Azərbaycanın mənafelərinə Gürcüstanın bəzən uyuşmayan davranışlarını keçmişdə qalmış saymaq olarmı...
01.03.2019 [10:11] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Hesab edirəm ki, Gürcüstan Prezidentinin səfəri arada olan kiçik soyuqluqları aradan qaldırmış olacaq”

Fərəc Quliyev: “Münasibətlərin qızışdırılmasında maraqlı olan üçüncü qüvvəyə yaxşı mesaj oldu”

Gürcüstanda baş tutan son prezident seçkilərindən sonra iki qonşu ölkə arasındakı münasibətlərdə bir qədər sərinlik yarandı. Bunun da səbəbi bizimlə əlaqəli deyildi. Gürcüstan Prezidenti Salome Zurabişvilinin seçki kampaniyası zamanı Gürcüstanda yaşayan ermənilərə reveranslar etməsindən ruhlanan ermənilər hətta Qarabağda döyüşən terrorçuya heykəl ucaltmaq kimi cəsarətə də sahib oldular.

Bu və digər addımların atılması Azərbaycanın haqlı narazılığına səbəb oldu. Ancaq, görünür, xanım prezident yaxşı başa düşüb ki, onun əsas dəstəyi Azərbaycan əhalisindən gəlir və bu səbəbdən də regionda ilk xarici səfərini ölkəmizə etdi. Prezident Salome Zurabişvili, həmçinin, başa düşür ki, regionda Azərbaycanın mövqeyi və rolu kifayət qədər yüksəkdir. Gürcüstanın gələcəyi, rifahı, iqtisadi inkişafı Azərbaycandan asılıdır. Çünki regionda böyük layihələrin təşəbbüskarı Azərbaycandır.

Gürcüstan Prezidentinin Azərbaycana səfəri arada yaranan müəyyən narazılıqları yoluna qoya biləcəkmi və bununla da Azərbaycanın regional siyasəti ilə uzlaşmayan taktikaların arxada qaldığını söyləmək olarmı?

Millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Gürcüstanla Azərbaycan arasında elə də dərin ziddiyyətin yarandığını düşünmür: “Əgər söhbət erməni separatçıya qoyulan büstdən gedirsə, bu, epizodik bir hal idi. Siyasətdə belə halların mövcudluğu strateji müttəfiqlərin münasibətlərinə təsir etməməlidir. Həmin ölkə ilə bizi daha sıx tellər bağlayır. Bu, xanım prezidentin regiona ilk səfəridir. Həmin səfəri də məhz Azərbaycana etdi. Bunun özü də böyük bir göstəricidir. Bizim Prezident də bildirdi ki, biz qonşularımızla yaxşı münasibətdə olmağın tərəfdarıyıq. Bölgədə sabitlik istəyirik. Gürcüstanla bizim həm ikitərəfli, həm də çoxtərəfli müttəfiqlik münasibətlərimiz var. Həm GUAM-da, həm də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında yaxın əməkdaşlığımız mövcuddur. Ölkələrimizin üzləşdiyi problemlər də oxşardır. Hər iki ölkə separatçılıqdan əziyyət çəkir, ərazilərimiz işğala məruz qalıb. Hətta bizdən asılı olmayan səbəblərə görə də biz müttəfiq olmağa məhkumuq. Hər iki ölkənin rəhbəri bildirdi ki, biz gələcəkdə də münasibətlərimizin müttəfiqlik səviyyəsində inkişafında maraqlıyıq. Onu da qeyd edim ki, tərəflərin bir-birindən istəkləri də vardı. Daha çox bizim istəyimiz olub. Çünki biz Gürcüstana hətta istəmədiklərini belə veririk. Enerji layihələrimizdən böyük tranzit payı götürürlər. Büdcələrinə ən böyük ödənişi Azərbaycan Neft Şirkəti edir. İnvestisiya layihələrində Azərbaycan liderlik edir. Ən mühümü isə odur ki, orada çoxlu sayda aborigen soydaşımız yaşayır. Onlar, ermənilərdən fərqli olaraq, Gürcüstanın bütövlüyü və inkişafı üçün əllərindən gələni edirlər. Hesab edirəm ki, Gürcüstan Prezidentinin səfəri arada olan kiçik soyuqluqları aradan qaldırmış olacaq. Həm də münasibətlərin qızışdırılmasında maraqlı olan üçüncü qüvvəyə yaxşı mesaj oldu”.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 91 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed