Şrift:
Təqaüdlər, müavinətlər artdı... Büdcə xərclərinə yenidən baxılacaq?
01.03.2019 [10:19] - Gündəm, Sosial
Bu ilin əvvəlindən başlayaraq ölkə başçısı tərəfindən təqaüdlər və sosial müavinətlərin artırılması ilə bağlı bir sıra sərəncam və fərmanlar verilib. Həmin sərəncam və fərmanların isə kifayət qədər maliyyə tutumu var. Bəzi ekspertlər deyirlər ki, son artımlar nəzərə alınsa, bu il dövlət büdcəsi təxminən 600 milyon, gələn ildən isə 800 milyon manat əlavə "xərcə düşəcək".

Bu artımlar hardan, necə ödəniləcək? Bununla bağlı 2019-cu ilin dövlət büdcəsinin hər hansı paraqraflarında dəyişiklik ola bilərmi?


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, Prezident seçkilərindən sonra Azərbaycanda islahatların yeni mərhələsinə təkan verilib.
"Bu ildən həmin islahatlar genişlənib və sürətlənib. Gömrük sistemində şəffaflığın artırılaması, verginin fiskal funksiyası ilə yanaşı, istiqamətləndirici və təşviqləndirici funksiyalarının da önə çəkilməsi, idarəetmənin təşkilati strukturunun təkmilləşdiriliməsi, kadr islahatları, sosial proseslərin tənzimlənməsi və sair islahatlar gedir. Yaxşı haldır ki, iqtisadiyyatın real və maliyyə sektorlarında gedən islahatlar sosial sektordakı islahatlarla müşayiət olunur. Xalqın islahatları geniş şəkildə dəstəkləməsindən ötrü islahatlar prosedində əhalinin güzəranının yaxşılaşmasına yönələn addımların da atılması vacibdir və bu istiqamətdə görülən işləri müsbət qiymətləndiririk.

Prezident şəhid ailələrinə kompensasiya verilməsi, minimum əmək haqqının yaşayış minimumuna çatdırılması və bu əsasda maaşların artırılması, minimum pensiyanın, müavinət və tələbə təqaüdlərinin artırılması istiqamətlərində sosial təşəbbüslərlə çıxış edib. Görünən budur ki, bu işlər davam edəcək.

Fevralın 25-də prezidentin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə dövlət başçısı bildirdi ki, Azərbaycanda geniş sosial paket hazırlanıb. Prezident İlham Əliyev dedi ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq”.
Deputat deyib ki, Prezidentin verdiyi məlumatdan aydın olur ki, əhalinin güzəranının yaxşılaşmasına yönəlik tədbirlər bundan sonra da davam etdiriləcək:

"Həmin islahatlar kontekstində minimum əmək haqqının, minimum pensiyanın, tələbə təqaüdlərinin, sosial müavinətlərin artırılması sosial paketin tərkib hissəsidir. Prezident bildirdi ki, bu, çox böyük proqram 500 mindən çox əhalini əhatə edəcək. Bundan əlavə, problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayı müəyyən edildikdən sonra təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. Göründüyü kimi, prezidentin haqqında danışdığı sosial paket kifayət qədər əhatəli xarakter daşıyır”.

Əli Məsimli deyib ki, sosial xarakterli tədbirlərin maliyyə məsələlərini həll etməkdən ötrü lazım olan vəsaitin bir hissəsi 2019-cu ilin təsdiq edilmiş büdcəsində yer almışdı.

“Digər hissəsi isə Prezidentin də dediyi kimi, islahatlar istiqamətində atılan addımlar hesabına yararan əlavə maliyyə vəsaitləri hesabına qarşılanacaq”.

Ancaq Ə. Məsimli düşünmür ki, həm büdcədə artıq nəzərdə tutulan, həm də islahatların nəticəsi kimi əlavə ortaya çıxan və bundan sonra da çıxacaq bu iki mənbə hesabına kifayət qədər əlavə vəsait yaranacaq:

"Əgər bu iki mənbə hesabına yaranan maliyyə vəsaiti yetərli olmazsa, yalnız o vaxt qanunvericilikdə nəzərdə tutulan qaydada büdcənin strukturunda müəyyən dəyişikliklər etmək, ya da ilin ortasında bu məqsədlə büdcəyə yenidən baxmaq barədə fikirləşmək olar. Yəni qeyd etdiyim kimi, il yeni başladığından, büdcəyə yenidən baxılması barədə qəti fikir söyləmək hələ tezdir".
Bu xəbər oxucular tərəfindən 38 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed