Şrift:
Xocalı soyqırımının 27-ci ildönümü İstanbulda bir sıra tədbirlərlə qeyd edilib
01.03.2019 [10:21] - Siyasət
Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə İstanbulda bir sıra tədbirlər keçirilib.

XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı qətliamı İstanbulun Aydın Universitetində anılıb. Tədbir Azərbaycanın İstanbuldakı baş konsulluğunun və bu universitetin rəhbərliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Anım mərasimində əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, faciə qurbanlarının xatirəsi yad edilib.

Tədbirdə çıxış edən universitetin təsisçisi professor Mustafa Aydın, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva, baş konsulluğun vitse-konsulu Ramiz Hacızadə, Türkiyənin ölkəmizdəki keçmiş səfiri Kadri Ecvet Tezcan, universitetin rektoru Yadigar İzmirli və digərləri iştirakçılara Xocalı soyqırımı haqqında ətraflı məlumat veriblər.

Çıxışlarda Xocalı soyqırımı və ermənilərin işğalçılıq siyasəti barədə danışılıb. Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş bu qanlı hadisənin, eləcə də Qarabağ həqiqətləri barədə məlumatların bütün dünya ictimaiyyətinə çatdırılmasının və burada sosial mediadan geniş istifadə edilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir. Ermənilərin Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurdlarından didərgin düşüb.

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar İstanbul Şəhər Metrosunun “Yeni Qapı” qovşağında bu qanlı hadisəni əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil edilib. Sərgidə bu qanlı faciənin dəhşətlərini əks etdirən orijinal fotolar nümayiş olunub.

Qeyd edək ki, "Yeni Qapı" qovşağı sərnişinlərin ən çox istifadə etdiyi ərazidir.

Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü ilə keçirilən sərgi üç gün davam edib.



Günel Məlikova
Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed