Şrift:
Martda havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq
01.03.2019 [10:25] - Gündəm, Bildiriş
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, mart qışla yaz arasında keçid dövrü olduğundan hava şəraitində tez-tez dəyişmə müşahidə edilir. Martda havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal edilir. Martda Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti üstünlük təşkil edəcək. Arabir güclənən cənub-qərb küləyi əsəcək, şimal-qərb küləyi ilə əvəzlənəcək.

Departamentdən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Hərarətin gecələr 4-9°, gündüzlər 8-13°, bəzi günlərdə 15-18° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 20-27 mm) olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 4-7° isti olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxındır. Hərarət gecələr 3-8° isti, bəzi günlərdə 1-5°, dağlarda 7-12° şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 16-21° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 22-44 mm) olacağı bildirilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcərdə, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 0-4° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Hərarətin gecələr 0-5° isti, bəzi günlərdə 3-8° şaxta, gündüzlər 5-9°, bəzi günlərdə 11-16° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 42-52 mm) olacağı ehtimalı var.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 5-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Hərarətin gecələr 3-8° isti, bəzi günlərdə 2° şaxtadan 2°-dək isti, gündüzlər 9-14°, bəzi günlərdə 17-22° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (19-48 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında havanın orta aylıq temperaturunun 3-6° isti olacağı ehtimalı var. Bu da iqlim norması daxilindədir. Hərarətin gecələr 1-6° isti, bəzi günlərdə 5-10° şaxta, gündüzlər 7-12°, bəzi günlərdə 15-19° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 23-90 mm) olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 7-9° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Hərarətin gecələr 3-8° isti, bəzi günlərdə 2° şaxtadan 2°-dək isti, gündüzlər 9-14°, bəzi günlərdə 18-23° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 24-45 mm) olacağı ehtimal edilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 4-8° isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Hərarətin gecələr 2-7° isti, dağlarda 1-6° şaxta, gündüzlər 7-12°, bəzi günlərdə 14-19° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 56-112 mm) olacağı ehtimalı var.
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed