Şrift:
Fərəc Quliyev: “Dünyaya göstərmək üçün milyonluq mitinq keçirilsin”
04.03.2019 [10:14] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev teleqraf.com-a geniş müsahibə verib. O, müsahibəsində iqtidarlı-müxalifətli Qarabağla bağlı böyük bir aksiyanın keçirilə biləcəyini vurğulayıb.

Sitat: “Baxın, bizim müxalifət qüvvələri Qarabağla bağlı mitinq keçirdi. Bu mitinqi hakimiyyət də, cəmiyyət də normal qarşıladı. Amma mitinqi dərhal antihökumət aksiyasına çevirdilər və bunun da effekti az oldu. Amma iqtidarlı-müxalifətli Qarabağla bağlı böyük aksiya keçirilə bilər. Məncə, bu, çox faydalı olar. Təsəvvür edin ki, hakimiyyətli-müxalifətli böyük bir aksiya keçirilir, orada YAP-ın nümayəndələri, müxalifət partiyalarının təmsilçiləri çıxış edir. Dünya da görür ki, xalq Qarabağın azad edilməsini tələb edir”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev başqa bir təkliflə çıxış etdi: “Bu təklifin əleyhinə deyiləm. Amma biz bir yerə yığılıb, bir-birimizə fikirlərimizi söyləyib sonra da dağılıb gedəcəyik. Bundan xeyli əvvəl daha ciddi bir təklif etmişdim ki, iqtidar, müxalifət və ictimai təşkilatlar parlamentdə özü də parlamentarilərin iştirakı ilə böyük bir toplantı keçirilməli, orada bir memorandum imzalanmalıdır. O memorandumda münaqişənin həlli çərçivəsi göstərilsin. Sənəddə də həm iqtidar, həm də müxalifət imza atsın. Bu bir ildırımötürücü funksiya daşımalıdır. Xaricdən Azərbaycana hər hansı bir təzyiq olduqda onlar bildirsinlər ki, bu xalqın bütün kəsimlərinin iradəsini ifadə edən bir sənəddir və bu sənəddən kənarda heç nə qəbul oluna bilməz. Bu işimizi xeyli yüngülləşdirər.
Üstəlik də müxalifət əmin olmalıdır ki, iqtidar başqa formada münaqişənin həllini istəmir, iqtidar da əmin olsun ki, müxalifət Qarabağ şüarından istifadə edərək hakimiyyət uğrunda savaş aparmır. Çox təəssüf ki, bu məsələyə hələ baxılmayıb. Lakin onun da əleyhinə deyiləm ki, xalqın böyük hissəsinin iradəsini dünyaya göstərmək üçün iqtidar və müxalifətli milyonluq mitinq keçirilsin. Bu da mitinqdə qətnamə qəbul etmək şərti ilə ki, BMT qəbul etdiyi qətnamələrin icrasını həyata keçirməsə, yaxud da böyük güclər, vasitəçilər Ermənistanı Azərbaycandan çıxarmasa, filan vaxtı əməliyyatlara başlayırıq, bu xalqın iradəsidir, təkcə hökumətin deyil. Konkret bir ay vaxt qoymaq olar. Mənim də dediyim memorandum buna dəstək verəcək. Bu çox rahat bir məsələ olar. Milli birlik və milli gücün bir yerdə milli iradəyə çevrilməsini təmin edən faktor olardı. Həm müxalifət iqtidardan, həm də iqtidar müxalifətdən əmin olardı.
İranla bağlı isə fikrim belədir.Hakimiyyətin protokol qaydalarından kənara çıxmamasını anlayıram.
Amma çox təəssüflər olsun ki, uzun müddətdir müxalifətdə olan və öz dövlətinə qarşı radikal mövqe nümayiş etdirənlər İrana bir söz demirlər. İndi də susublar. Biz mütəmadi olaraq Bütöv Azərbaycan məsələsini ortaya qoyanda bunu utopik fərziyyə kimi nəzərə alırdılar. Anlamırdılar ki, hər bir millətin strateji hədəfləri olmalıdır. Hər zaman demişəm, indi də təkrar edirəm ki, hədəfsiz millət kompassız gəmi kimidir. Bizim üçün ədalətli status-kvo Bütöv Azərbaycandır. Son hadisələr göstərdi ki, Cənubi Azərbaycandakı 40 milyonluq soydaşımız bu məsələyə susmadı.
Son hadisələrdə şüarlar səsləndirmələri, xüsusilə, yüz minlərlə insanın ”Qarabağ bizimdir, bizim olacaq!" şüarı İran rejiminə sərt şillə oldu. Ermənilərlə görüş keçirəndə İranın hakimiyyət orqanları öz arxalarında “biz birlikdəyik” deyə şüar atmışdılar. Bununla ermənilərlə bir yerdə olduqlarını açıq şəkildə göstərdilər. İran rəhbərliyi Azərbaycana qarşı yenə də ərazi iddiaları ilə çıxış etdi. Biz bəzi məsələlərə göz yummamalıyıq. Azərbaycan böyük strateji hədəflərinə çatmaq üçün kiməsə görə susmalı deyil. Artıq sərt şəkildə təpki göstərmək zamanıdır. Zaman da göstərdi ki, bu utopik məsələ deyil. Xalqımız bir yerdə problemlərin həllinin üstünə getmək iqtidarındadır. Cənubi Azərbaycanda Qarabağ probleminə diqqət şimaldan heç də az deyil. Kifayət qədər orada təpkilər də göstərilir. Bu məsələdə kifayət qədər gecikmişik. Siz dediyiniz və başqa məsələlərin həyata keçirilməsinin zamanı çatıb".


Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 146 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed