Şrift:
İƏT Hindistan ordusunun Kəşmirdə müsəlman əhaliyə hücumlarını pisləyib
04.03.2019 [10:22] - Gündəm, Siyasət
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Kəşmir bölgəsində Hindistan ordusunun müsəlman əhaliyə qarşı hücumlarını pisləyən bəyanat verib. Bu bəyanat İƏT Xarici İşlər Nazirləri Şurasının Əbu-Dabidə keçirilmiş 46-cı sessiyasında səslənib.

Təşkilatın bəyanatında bildirilir ki, 57 ölkənin təmsil olunduğu İƏT “Kəşmir bölgəsində günahsız insanlara qarşı silahlı hücumları yolverilməz hesab edir”. Qeyd olunur ki, Hindistanın Cammu və Kəşmir ştatında bu vəhşiliklərin güclənməsi islam ölkələrində dərin narahatlıq hissi yaradır.

Sessiyanın davam etdiyi günlərdə İslamabad dəfələrlə problemin sülh və danışıqlar yolu ilə həllini təklif edib, həmçinin xoş niyyət əlaməti olaraq, Hindistanın Pakistan sərhədini keçmiş qırıcı təyyarəsinin girov götürülmüş pilotunu qarşı tərəfə təhvil verib. İƏT-in bəyanatı da gərginliyin artması fonunda Pakistan xarici işlər nazirinin təşkilata üzv olmayan Hindistanın da sessiyaya dəvət olunmasına etirazı və bu iclasda iştirakdan imtina etməsindən bir gün sonra qəbul olunub.

Eyni zamanda, həmin sessiyada iştirak edən Hindistanın xarici işlər naziri Suşma Svarac “fəxri qonaq” qismində çıxış edərək müsəlman aləmini terrorçuluğa qarşı birgə mübarizəyə çağırıb. O, Pakistanın adını çəkməyərək bəyan edib ki, insanlığı qorumaq naminə dövlətlər öz ərazilərində terror təşkilatlarına sığınacaq verməməlidir.
Bu xəbər oxucular tərəfindən 67 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed