Şrift:
Körpənin bədən temperaturunun düzgün ölçülmə qaydası
04.03.2019 [11:07] - Sağlıq
Sağlam uşaqlarda bədən temperaturu böyüklərdə olduğu kimi 36,0-36,6 dərəcədir. Amma böyüklərdən fərqli olaraq sağlam uşaqlarda temperatur gün ərzində dəyişə bilər. Uşaqlarda ən aşağı temperatur səhər saatlarında, nisbətən yüksək temperatur isə axşamüstü saat 16-18 radələrində müşahidə edilir. Lakin uşağın bədən temperaturu arasında fərq çox olmur. Daha çox fərq isə uşağın ümumi vəziyyətindən və yaşından asılıdır.

Paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova müsahibə verərkən deyib ki, əgər uşaq aktiv hərəkətdədirsə, yəni qaçıbsa, bədən temperaturu sakit vəziyyətə nisbətən 37 dərəcə, bəzən 37,5 də ola bilər. Nisbətən böyük yaşlı uşaqlarda isə bədən temperaturu onun vəziyyətindən az asılıdır. Həkim-pediatr onu da qeyd edib ki, yeni doğulmuş uşaqlarda və südəmər körpələrdə bədən temperaturu qış gecələrində normadan aşağı ola bilər. Eləcə də isti yay günlərində bədən temperaturu 37,2 – 37,5 dərəcə arasında dəyişir. Bu, onlarda mərkəzi sinir sisteminin tam formalaşmaması ilə izah edilir. Elə buna görə də körpə uşaqların bədəni tez qızıb soyumağa meyilli olur. Həmin vəziyyətdə uşaq özünü yaxşı hiss edirsə, narahat olmaq məsləhət deyil.

Onun dediyinə görə, əksər həkimlər temperaturun ölçülməsi üçün adi civəli termometrdən istifadə etməyin daha yaxşı olduğunu hesab edirlər: “Elektron termometrlər daha rahat olsa da, daha tez-tez “səhv edirlər”. Körpənin şəxsi termometri olmalı və hər dəfə istifadə edilməzdən əvvəl spirtlə silinməlidir.

Bədən temperaturunu uşaq arxası üstə uzanarkən ölçmək daha yaxşıdır. Ölçmə zamanı qoltuqaltı nahiyə quru olmalıdır. Uşaq tərlidirsə, əvvəlcə qoltuğun altını silmək, termometri qoltuqaltı nahiyəyə qoyandan sonra onun sürüşüb düşməməsinə nəzarət etmək lazımdır. Civəli termometrlə temperaturun ölçülmə müddəti 5-7 dəqiqədir. Uşaq bürünmüş haldadırsa, temperaturu ölçmək lazım deyil. Bu, körpələrdə temperaturun nəticəsinə təsir göstərə bilər. Uşaq dilxor, yorğun və əsəbi olduqda, ağladığı vaxt və s. hallarda temperatur ölçməyi təxirə salmaq lazımdır”.
Bu xəbər oxucular tərəfindən 73 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed