Şrift:
Ankarada “Güney Azərbaycan və Beynəlxalq Ana Dili Günü” mövzusunda toplantı keçirilib
04.03.2019 [11:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Martın 2-də Türkiyə paytaxı Ankarada “Güney Azərbaycan və Beynəlxalq Ana Dili Günü” mövzusunda toplantı keçirilib.

Tədbirdə Güney Azərbaycan Milli Hərəkatının müstəqil siyasi fəalları, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) və Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) təşkilatlarının nümayəndələri, həmçinin Türkiyədən olan bir neçə tanınmış akademik iştirak edib. Toplantıda Azərbaycan Milli Hərəkatı və İranda milyonlarla türkün ana dilində təhsil hüququ ilə bağlı çıxışlar olub.

Azərbaycan Mədəniyyət Dərnəyində keçirilən toplantı dərnəyin rəisi Cəmil Ünal və güney azərbaycanlı fəal Dr. Kərim Əsğərinin çıxışı ilə başlayıb. C.Ünal İranda 40 milyon Azərbaycan türkünün ana dilində təhsil hüququndan məhrum edilməsini pisləyərək “müştərək əlifba”nın dünya türklərinin birləşməsində mühüm rolundan danışıb. Dərnək rəhbəri vurğulayıb ki, İran Azərbaycan türklərini “azəri” adlandırmaqla Türkiyə və Azərbaycan arasında nifaq salmağa çalışır.

Dr. Kərim Əsğəri isə İran əhalisinin 50 faizinin (Azərbaycan, əfşar, Xorasan, Qaşqay və s. türkləri) türklərdən ibarət olduğunu, lakin onların ana dilində təhsil ala bilmədiyini diqqətə çatdırıb. O çıxışı zamanı Güney Azərbaycan Milli Hökumətinin bir illik hakimiyyətinə işarə edərək bu dövrdə türk dilində təhsilin azad olduğunu və Azərbaycan mədəniyyətinə böyük töhvə verildiyini qeyd edib.

Tədbirin panel müzakirələri Türkiyədən olan məşhur universitet müəllimi Prof. Əhməd Bican Ərcilasunun çıxışı ilə davam edib. “Türklərin əzəmətli və zəngin tarixi var, bu əzəmət yenidən canlanacaq. Güney Azərbaycan da türk dünyasının bir parçasıdır. Təkcə ustad Şəhriyarın “Heydər babaya salam” şeiri Güney Azərbaycan türklərinin bir millət olduğunu göstərməkdədir”- deyə o bildirib.

Bundan sonra Azərbaycan Respublikasının İrandakı keçmiş səfiri, Ankara Universitetinin müəllimi Prof. Nəsib Nəsibli ana dilində təhsil məsələsini Güney Azərbaycanın əsas tələbi kimi qiymətləndirərk bildirib ki, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” Güney Azərbaycan Milli Hərəkatının əsas şüarıdır.
Prof. Nəsib Nəsibli vurğulayıb ki, Güney Azərbaycan türklərinin milli kimliyi fars şovinizmi və İran hökuməti tərəfindən inkar edildiyi və “Azəri” adlandırıldığı müddətcə güneylilər “Güney Azərbaycan İran deyil” şüarı ilə qarşılıq verəcəklər.

Tanınmış güney azərbaycanlı milli fəal, GAMAC təşkilatının sözçüsü xanım Məhsa Mehdili isə öz çıxışında bir neçə önəmli məsələyə toxunub.
“Güney Azərbaycan mövzusunda keçirilən tədbirlər, azərbaycanlı fəalları daha da ruhlandırır. Təbii ki, türk dünyasının Güney Azərbaycana dəstək verməsi olduqca önəmli məsələdir.
Güneyli fəalar milli hüquqların təmini uğrunda aparılan mədəni mübarizənin simvoludur. Ona görə də bu hərəkat Azərbaycan millətinin öz müqəddəratını təyin etməsi məsələsində böyük rol oynayır. Bu hərəkat hətta bölgədə təyinedici bir potensiala malikdir və dünya siyasətinə də müəyyən qədər təsir edə bilər”- deyə o vurğulayıb.
Xanım Məhsa Mehdili ötən günlərdə Xocalı soyqırımının 27-ci ildönümündə işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana səfər etməsini kəskin pisləyib. O bildirib ki, milli fəalların bu məsələyə etiraz etməsi, əhali arasında milli şüurun yüksək səviyyədə olduğunu göstərməkdədir.

Bundan sonra GAMOH təşkilatı tərəfindən azərbaycanlı fəal Bulut Ələmdar çıxış edib. Panfarsizmin mahiyyətindən danışan GAMOH nümayəndəsi türklərlə farsların bir federal ölkədə yaşamasının mümkünsüz olduğunu deyib.
Bulut Ələmdar Bağdadın İraq türkmənlərinə verdiyi vəd və həmin vədlərin yerinə yetirilməməsinə işarə edərək Güney Azərbaycan üçün təkcə çıxış yolunun müstəqillik olduğunu bildirib.

Sonda çıxış edən güney azərbaycanlı fəal Mehdi Nəimi Güneydə ana dilində təhsil məsələsinin böyük əhəmiyyət kəsb etdiyini deyib.
“Türk dili çox zəngin bir dildir, elə ona görə də İranın asimilasyon siyasətini məğlubiyyətə uğradıb. Hesab eliyirəm ki, indiki zamanda türkcə çoxlu kitablar çap olunmalıdır. Kitablar başa düşülən və sadə dildə yazılmalıdır”- deyə o vurğulayıb.

Ankarada “Güney Azərbaycan və Beynəlxalq Ana Dili Günü” mövzusunda keçirilən toplantı türkiyəli gənclər və azərbaycanlı fəallar tərəfindən yüksək qiymətləndirilib.
Bu xəbər oxucular tərəfindən 74 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed