Şrift:
Fərəc Quliyevin gürcüstanlı soydaşlarımızın problemləri və soydaşlıq siyasəti barədə çıxışı (audio)
05.03.2019 [10:35] - Xəbərlər, Borçalı, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: Soydaşlarımız digər əcnəbilərdən fərqlənməlidirlər.

"Gərək mütləq bir yeri itirib sonra hərb yolu ilə alaq oranı?"
"5 yerə bölünmüş Azərbaycan üçün ədalətli status-kvo bütöv Azərbaycandır."

"Bolnisiyə 800 erməni ailəsi köçürülməsi, ordan 800 azərbaycanlı ailəsinin çıxarılması çox ciddi məsələdir."
"Borçalıda, Dərbənddə, Güney Azərbaycanda bir məsələ baş verəndə biz hamımız reaksiya verməliyik".



Martın 1-də Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun üzvləri ilə Gürcüstandan olan bir qrup soydaşımızın görüşü keçirilib. Gürcüstanlı soydaşlarımızın üzləşdikləri problemlərin müzakirəsinə həsr olunmuş görüşdəişçi qrupunun üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də iştirak edərək mövzu ilə bağlı geniş çıxış edib. O, problemlərin səbəblərini, yaratdığı fəsadları və bu problemlərdən bir neçəsinin həlli yollarını göstərib.

F.Quliyevin həmin çıxışının tam mətnini və səs yazısını təqdim edirik:


"Mən təşəkkür edirəm ki, Əflatun bəy bizi dəvət etdi bu müzakirələrə və sizə də təşəkkür edirəm ki, bu məsələləri qaldırırsınız. Bu əslində sizin məsələ deyil. Bu milli məsələdir. Toxunulan məsələlərdən biri , Bornisi ilə bağlı məsələ idi. Bu çox strateji və dövlət məsələsidir və bütün millətin taleyinə təsir edən məsələdir. Biz belə məsələlərə göz yumduqca problemlər yaşayırıq. Siz danışdıqca ordan bir replika verildiki Meğriyə oxşayır Bolnisini məsələsi. Eynən Türkiyə ilə Azərbaycan arasında coğrafi bağı qırmaq üçün o vaxt Zəngəzuru ermənilərə verməklə ona nail oldular. İndi də bizim bir hissəmizi göl qurutma üsulu ilə Azərbaycanın əsas hissəsindən ayrı salmaq, Borçalı əhalisini ayrı salmaqla” göl qurutma “üsulu ilə məhv eləmək istəyirlər. Bu açıq strategiyadır və ermənilərin Bolnisiyə 800erməni ailə köçürülməsi, ordan 800 azərbaycanlı ailəsinin çıxarılması çox ciddi məsələdir. Mən hesab edirəm ki, bu məsələ bizim dövlət strukturlarında çox ciddi şəkildə müzakirə olunmalıdır. Məndə təşəbbüs edəcəm. Mən Müdafiə Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin üzvüyəm və müvafiq strukturlarda bunu dövlət əhəmiyyətli məsələ kimi qaldırılması və müzakirəyə çıxarılmasına çalışacağam.Həm də , plenar iclaslarımızda da təbii ki ,biz bir yerdə bu məsələni qaldıracayıq. Çünki belə məsələlər sadə görsənə bilər. Göründüyü qədər düşmənlərimiz çox strateji düşünürlər. Günlük düşüncə sahibləri deyillər. Biz gərək düşmənləri qiymətləndirək, erməniləri və gürcüləri, bu məsələdə əli olan hər kəsi..
İkinci məsələ ilə bağlı olaraq .Mən tələbə qəbulu ilə bağlı Milli Məclisin iclasında danışmışdım. Kamran bəy bu məsələyə toxundu. Mən mütəmadi olaraq Gürcüstanla bağlı, ordakı soydaşlarımızla bağlı məsələlər qaldırıram. Borcumuzdur. Bu bir bölgənin məsələsi deyil. Ümumiyyətlə bizi böləcəklərsə bizi problemcə bölərlər, ruhən böləcəklərsə biz bölünərik. Sərhədlə milləti bölə bilməzlər. Ona görə Borçalıda, Dərbənddə, Güney Azərbaycanda bir məsələ baş verəndə biz hamımız reaksiya verməliyik. Bu sizin məsələ deyil, yəni demək istəyirəmki bu ümummilli məsələdi. Tələbə məsələsində mən tamamilə razıyamki Gürcüstanda Universitet yaradılsın ,amma mənim dediyimdə bir başqa məntiq də var. Burda rəqəmlər ifadə olunur ki, 500 minə qədər Borçalı əhalisi burda yaşayırlar və 400 minə qədəri vətəndaş kimi yaşayırlar. Amma 100 minə qədərinin vətəndaşlığı yoxdur. Amma burada yaşayırlar. Mən təklif eləmişdim ki ,tələbə qəbulu komitəsi 100 yeri gürcüstanlı soydaşlarımız üçün ayırsın, özləri öz aralarından seçsinlər o tələbələri. Ən yaxşılarını seçsinlər. Bizim dövlətin vəsaiti hesabına burda oxusunlar. Bir şərtlə ki ,Gürcüstana qayıdıb orda dərs desinlər,çalışsınlar. Çünki orda məndə olan məlumata görə 89-cu ildə 186 məktəb olub, bugünsə 80-ə qədər məktəb qalıb. 89-cu ildə 7000-ə qədər müəllim olubdu, bugün 3500-ə qədər müəllim qalıb. Doğrumu? Müəllimlərin 80 %-ə qədəri təqaüd yaşındadır. ziyalılar ordan çıxandan sonra İnsanları idarə eləmək, assimilyasiya etmək çox rahat olacaq. Dil məsələsi mühümdür, başa düşürəm amma Azərbaycan məktəblərində dərs demək üçün gürcü dilini bilmək o qədər də vacib deyil. Burda hazırlanan müəllimlər tutaqki riyaziyyat dərsini, Azərbaycan dilini tədris edəcəksə burda hazırlana bilər, bu bir. Mən soydaşlıq məsələsinə toxunacam.
İkinci bir tərəfdən əhalinin burda olan Gürcüstan əsilli insanların ora qayıtmasını təmin eləmək üçündə burdakı 100 minin içindən də onları seçmək mümkündür. Burda Azərbaycan vətəndaşı kimi qeydiyyatda olmayan amma burda yaşayan 100 min faktiki gürcüstanlı soydaşımız var.Onların arasından onsuzda tələbələr oxuyurlar axı. Onlara yer verirsən ,hazırlayırsan,hər il o 100 nəfər gedir ora. Soydaşlarımızla inteqrasiyadan isə söhbət gedə bilməz, biz eyni mədəniyyətin tərkib hissəsiyik. Tiflis mədəniyyəti olsun, istəyir Şəki mədəniyyəti və.s olsun, bu bütövlükdə Azərbaycan mədəniyyətidir. Bir sözlə Burda kadr hazırlayıb ora göndərmək lazımdır. Tiflisdə pedoqoji univerisitet açmaqla paralel bunu da eləmək lazımdır. Bu univerisitet nə vaxt açılacaq ,açılmayacaq bilinmir ,amma faktiki bizim artıq tələbə qəbulu imknalarımız vardır. Niyə hazırlanmasınki? Soydaşlıqla bağlı qanun da ən yumşaq variant kimi tapılıbdı. Gürcülərin özündə bu qanun var. Mən dəfələrlə parlamentdə ikili vətəndaşlıq təklif eləmişəm. Bəlkə bu bir az geniş müzakirələrə səbəb oldu. Mən başa düşürəm kolleqalarımı. Bunu qəbul eləməməkdə məntiqlərini də anlayıram. Mən ikili vətəndaşlıq tərəfdarıyam. Düzdür, Azərbaycan qanunvericiliyində bu yoxdur, amma elə bir model, elə bir resept tapmaq lazımdır ki, təkcə Borçalıda olan yox ,dünyanın hər yerində olan insanlar, azərbaycanlılar ilə Azərbaycan dövləti iarasında qarşılıqlı himayə mexanizmi olsun. Yəni onlar yerlərində qalmaq şərtilə -nəinki qalmaq şərtilə orda güclənmək şərtilə. Gürcülərin qorxduqları bir başqa məsələ də var. Onlar azalan millətdirlər. Biz artanıq. Bizim orda demoqrafik dəyişikliyə gətirib çıxaran çoxalmamız onları qorxudur. Ona görə Azərbaycan tərəfi mütləq Gürcüstanda Borçalı tərəfə sahib çıxmalıdır. Mən azdan çoxdan, döyüşmüşəm ermənilərlə . Hərəkat başlayanda Kığı dərəsi deyilən bir yer var Qafan zonasında. Meğridən yuxarıda Qafan ərazisində 11 kənddi. Mən 1988-ci ildə cəmi 18-19 silah apardım ora. Ermənilər bunu bildilər o 11 kənd və ətrafında bir nəfər erməni qalmadı ,çıxıb getdi hamısı ordan. Biz insanlarımıza sahib çıxmalıyıq. Mən demirəm hamısına silah paylayaq. Yəni ziyalılarımız , tələbələrimiz , kadrlarımız ora gedərsə soydaşlarımız yerlərində möhkəm dayanar.
Mən həmişə parlamentdə məsələ qaldırıramki, iqtisadi müqavilələr bağlananda, biz mütləq orda siyasi ritorikanı önə çəkməliyik. Tələb qoymalıyıq ki, dövlətimin siyasi maraqlarına hörmət eləməlisiniz. Əgər məndən faydalanırsan, amma gedirsən düşmənimin də yanında durursansa və yaxud da onunla ölkəmin əleyhinə bir tərəfdaşləq edirsənsə və s.iqtisadi müqaviləyə yenidən baxılmalıdır. Gürcülərlə də tutaq ki, danışanda şərtlərimizi də qoymağı bacarmalıyıq ki, orda Bornisidə tutaq ki, 70 % əhali azərbaycanlıdısa qubernator azərbaycanlı olmalıdır, polis rəisi azərbaycanlı olmalıdır. Bu yerlər bizim üçün bron saxlanmalıdır. Kimi verərik özümüz bilərik. Bunu artıq ermənilər Cavaxetiyada edirlər. Elə yerlər var ki ora ermənidən başqa bir kimsəni qoya bilmirlər. Yəni biz bu məsələləri qoymalıyıq.
Azərbaycan tərəfdə də əsas olan prezidentin mövqeyidir ki, o mövqe oradakı insanlarımıza sahib çıxmaqdır. Verdiyi tapşırıqlar da həmişə o istiqamətdə olubdur ki, bizim ordakı insanlarımız üçün şərtlər yüngülləşsin. Deyirsiniz miqrasiyada, yumşalma var, gömrükdə yumşalma var, bu prezidentdən gələn xətdir təbii ki. Onun verdiyi göstərişə əsasən bunu edirlər, bunu ölkə başçısı deməsə bunu kimsə öz başına edə bilməz. Mən hesab edirəm ki, biz də bu məsələni parlamentdə qaldırmalıyıq və dediyim istiqamətlərdə dəstəyi o istiqamətdə verməliyik ki, mütləq starateji olaraq ora sahib çıxaq, oranı nəinki saxlamağı bacaraq ,həm də biraz da, daha da güclənək, insanların ora qayıtmasını təmin edək. O başqa məsəslədir ki, bura gəlib gedən insanlarımız evinin bir otağndan başqa otağına girən kimi rahat gəlib getsin. Ona əcnəvi deməyin özü elə təhqir eləməkdi. Yəni mütləq soydaş haqqında qanun qəbul olunmalıdır ki, o insanlar çinlilərdən, pakistanlılardan başqasından fərqlənsinlər, bunlar bizim insanlarımızdır və onların iradəsindən asılı olmayaraq Azərbaycan 5 yerə bölünübdü.
Azərbaycan üçün ədalətli status-kvo bütöv Azərbaycandır, bu mənim subyektiv fikrimdir. Dərbəndli, Borçalılı, Güney Azərbaycanlı , Qərbi Azərbaycanlı bir Azərbaycandır mənim düşüncəmdə. Azərbaycan budur. Amma o insanlarımıza sahib çıxmamaq torpağa sahib çıxmamaqdı. Gərək mütləq bir yeri itirib sonra hərb yolu ilə alaq oranı? Buna görə mən sizin o təkliflərinizi də qeyd elədim.
Əflatun bəy ilə mütəmadı söhbətlərimiz olur. Mütəmadi olaraq bizdələrdən də məsləhətlər alırki əvvəllər nələr müzakirə olunubdu, nələr eləmək mümkündür. Mədəniyyət, Təhsil Nazirliyi ilə danışıqlar aparır. Xaricdə düşəndə bu məsələləri qaldırır. Çox uğurlu parlamentlərarası dostluq qrupunun rəhbəridir. Əflatun bəy, bu məsələləri çox yaxşı bilir. Biz sonra özümüz də bir daha oturub bu məsələləri məsləhətləşəcəyik və parlamentdə elə bilin ki, biz sizi tam mənasında təmsil edə biləcəyik. Nələr realdırsa onları edək, amma siz də biraz orda toparlanın. Sizdən çox şey asılıdır. Yəni biz özümüz toparlanıb oradakı məsələlərə əl qoyana qədər siz də yerinizdə biraz daha möhkəm dayanın. Mən sizə uğurlar arzu edirəm. Sağ olun."



Fərəc Quliyevin gürcüstanlı soydaşlarımızın problemləri və soydaşlıq siyasəti barədə çıxışı  (audio)
Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed