Şrift:
İranlı deputat: “Ruhaninin ətrafını o qədər casus bürüyüb ki, o, Bəşər Əsədin Tehrana səfərindən xəbərsiz qalmalı idi”
05.03.2019 [11:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran parlamentinin radikal mühafizəkarlara yaxın deputatı Cavad Kərimi Qoddusi martın 3-də özünün şəxsi “Twitter” səhifəsində yazdığı bir neçə statusda, İran prezidenti Həsən Ruhaninin və onun komandasının Bəşər Əsədin Tehrana səfərindən xəbərsiz qalmasının səbəbini açıqlayıb.

Ruhani komandasına və ona yaxın şəxslərə qarşı ən ağır ittiham irəli sürərək, onları casusluqda günahlandıran deputat bildirib ki, ölkə prezidentinin ətrafının şübhəli şəxslərlə dolu olduğunu nəzərə alaraq, Suriya prezidenti Bəşər Əsədin Tehrana səfəri gizli saxlanılmalı idi: “Ruhaninin ətrafını o qədər casus bürüyüb ki, o, Bəşər Əsədin Tehrana səfərindən xəbərsiz qalmalı idi. Çünki əgər onun (Ruhaninin) Əsədin Tehrana səfərindən xəbəri olsaydı, ola bilsin ki, İsrail və ya Amerika Bəşər Əsədin təyyarəsini məhv edərdilər”.

Deputat Cavad Kərimi Qoddusi bundan əvvəl də Həsən Ruhaniyə və onun komandasına qarşı cürbəcür ağır ittihamlar irəli sürüb. O, bir neçə həftə əvvəl yaydığı bir video-çarxda İran prezidenti Həsən Ruhaninin Böyük Britaniya casusu olduğunu, onun bu ölkənin xəfiyyə təşkilatı olan Mİ6-dən göstəriş aldığını iddia etmişdi. Hakimiyyətdaxili bəzi cərəyanlara söykənərək ölkə prezidentinə qarşı irəli sürdüyü bu ağır ittihamlara baxmayaraq, deputat hər hansı bir məsuliyyətə cəlb edilməyib.

Xatırladaq ki, fevralın 25-də Suriya prezidenti Bəşər Əsəd İrana gizli səfər edib. Əsədin İrana səfəri Ruhanidən və xarici işlər naziri Məhəmmədcavad Zərifdən gizli saxlanılıb. Əsədin İranın dini lideri Əli Xamneyi ilə görüşündə isə “Sepah”ın “Qüds” qanadının komandanı Qasım Süleymani, Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və dini liderə yaxın digər şəxslər qatılıb. Ruhani və Zərif isə həmin görüşə dəvət edilməyib və Əsədin ölkəyə səfəri onlarla koordinasiya edilməyib.

Bunun ardınca, Zərif fevralın 25-i axşam saatlarında “İnstagram” səhifəsində yazdığı bir statusda, tutduğu vəzifəsindən istefa verdiyini bildirib: “Tutduğum vəzifədə xidmətimi davam etdirmək üçün gücsüzlüyümə və bu postda xidmət etdiyim müddətdə mövcud çatışmazlıq və qüsurlara görə səmimi-qəlbdən üzr istəyirəm”.

Zərifin istefa xəbərinin yayılmasından az sonra, İranın “Entekhab.ir” saytının müxbiri ona göndərdiyi bir telefon mesajında ondan istefa verməsinin səbəbini soruşub. Zərifin cavabı isə çox qısa olub: “Bu gün keçirilən görüşlərin (Xamneyi və Bəşər Əsəd görüşləri nəzərdə tutulur- red.) şəkillərinin yayılmasından sonra, artıq Cavad Zərifin xarici işlər naziri kimi dünyada hörmət və imici qalmayıb”.

Fevralın 27-də isə, İran prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını qəbul etmədikdən sonra o, həmin gün öz vəzifəsinə geri dönüb və Tehrana səfər edən Ermənistanın baş nazirinin rəsmi qarşılanma mərasimində iştirak edib.
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed