Şrift:
İşğal altındakı ərazilərdə qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması ilə bağlı beynəlxalq konfrans keçirilib
06.03.2019 [10:37] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu tapşırığa uyğun olaraq “Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri” mövzusunda Bakıda beynəlxalq konfrans keçirilib.

Tədbirin əsas məqsədi Ermənistan Respublikasının hərbi işğalı nəticəsində nəzarət olunmayan Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan ərazilərində təcavüzkar dövlətin və digər ölkələrin hüquqi və fiziki şəxslərinin qanunsuz hərəkətlərini dünyanın nüfuzlu beynəlxalq hüquqşünasları və ekspertlərinin, o cümlədən ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin də iştirakı ilə müzakirə etmək, bu fəaliyyətin hüquqi aspektləri və nəticələrini müəyyən etmək olub.

Konfransda əvvəlcə xarici işlər naziri Elmar Məmmədyarovun, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədovun və UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Meçtild Rösslerin çıxışları dinlənilib.

Sonra isə konfrans “Hərbi işğal altında olan ərazilərdə qeyri-qanuni fəaliyyətlə bağlı beynəlxalq hüquqi çərçivə”, “Beynəlxalq hüquqda üçüncü tərəflərin öhdəlikləri və məsuliyyəti”, İşğal olunmuş ərazilərdə aparılan qanunsuz iqtisadi fəaliyyətə beynəlxalq cavab” adlı panel iclaslarla davam etdirilib.

Tədbirdə Azərbaycanda və dünyanın digər münaqişəli bölgələrində qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olan dövlətlərin, hüquqi və fiziki şəxslərin öhdəlikləri və məsuliyyəti, beynəlxalq ictimaiyyətin cavabdehliyi və bu cür qanunsuz hərəkətlərə reaksiyası, beynəlxalq hüququn tətbiqi kimi məsələlərin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb və bu istiqamətdə fəaliyyətin gücləndirilməsi üçün tövsiyələr təqdim edilib.

Konfrans beynəlxalq hüquqşünaslar və ekspertlərin imkanlarını nəzərə alaraq Azərbaycanın işğal olunmuş torpaqlarında qeyri-qanuni fəaliyyətləri həyata keçirən Ermənistan və digər üçüncü tərəflərin qanunsuz əməllərinin hüquqi müstəvidə qarşısını almaq üçün geniş imkanlar yaradıb. Bu mövzuda beynəlxalq səviyyədə digər tədbirlərin də keçirilməsi nəzərdə tutulub.

Tədbirdə bir sıra dövlət qurumları, xarici ölkələrin və beynəlxalq təşkilatların ölkəmizdəki diplomatik missiyaları, xarici və yerli elmi-akademik dairələrinin nümayəndələri də iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 355 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed