Şrift:
Sahil Babayev: "DOST mərkəzləri yaxın bir ay ərzində açılacaq"
06.03.2019 [11:10] - Sosial
DOST mərkəzlərinin açılışı yaxın bir ay ərzində gözlənilir.

ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, DOST mərkəzlərin açılışından sonra vətəndaşlar eyni qaydada istənilən DOST mərkəzində səmərəli və operativ şəkildə xidmət alacaqlar: "Ümumilikdə Azərbaycanda 5 il ərzində DOST mərkəzlər konsepsiyası bütün ölkə ərazisini əhatə edəcək. Hər belə bir mərkəz açıldıqca, vətəndaşlar xidmətin keyfiyyətinin və səviyyəsinin nə qədər yüksəldiyinin şahidi olacaqlar".

Nazir onu da qeyd edib ki, vətəndaşların müraciətlərinin operativ həlli əksər hallarda DOST mərkəzlərində mümkün olacaq: "Əgər müraciət vətəndaşın hər hansı qanuni hüquqlarının tanınmasıdırsa, burda əksər qanuni hüquqların tanınması elektron qaydada aparıldığına görə vətəndaş-məmur təması çox minimuma endirilir. Burada onun məlumatları elektron sistemə daxil edilir və sistem onu tanıyır. Əgər vətəndaş hər hansı bir səbəbdən imtina cavabı alarsa, dəfələrlə müraciət etməyə çalışacaq. Bu müraciətlər əsnasında araşdırma aparılacaq ki, çatışmayan boşluqlar nədir, nəyə görə vətəndaşın hüququ tanınmır və ona ətraflı məlumat veriləcək".

Nazirin sözlərinə görə, sosial sahə olduqca böyük təbəqəni əhatə edir və il ərzində orta hesabla 2,8 milyon vətəndaşa nazirlik və onun struktur bölmələri tərəfindən xidmət göstərilir: "Ötən il sadəcə 1,2 milyon yazılı, 8 milyondan artıq elektron müraciət nazirliyin sisteminə daxil olub, emal edilib və cavablandırılıb. Yalnız bir-iki mərkəzlə məsələnin tam həll olunacağını düşünmək qeyri-ciddi olardı. Ona görə də DOST konsepsiyası, DOST mərkəzlər şəbəkəsi meydana çıxdı".
Bu xəbər oxucular tərəfindən 64 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed