Şrift:
Prezident İlham Əliyev Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar viza rejiminin sadələşdirilməsinə dair Sərəncam imzalayıb
06.03.2019 [11:37] - İdman
Martın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Formula 1 Azərbaycan Qran-Prisinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsinə dair Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda keçiriləcək Formula 1 Qran-Prisi ilə əlaqədar ölkəmizə gələn, Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq, akkreditasiyadan keçməni, eləcə də “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartını, habelə yarışa bilet və ya biletin əldə olunmasını təsdiqləyən sənədi təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər martın 15-dən mayın 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Bundan başqa, Xarici İşlər Nazirliyinə Qran-Pri ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə Azərbaycan Prezidentinin 2016-cı il 1 iyun tarixli Fərmanına əsasən, təsdiq edilmiş ölkələrin siyahısı üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə “Formula One Management Limited” şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək tapşırılıb.

Eləcə də Qran-Pri ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək barədə tapşırıq verilib.

Sərəncamda, həmçinin Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə Qran-Pri ilə əlaqədar ölkəmizə gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək tapşırılıb.
Bu xəbər oxucular tərəfindən 41 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed