Şrift:
İran rəsmisi: “İranın dini lideri həmişə Azərbaycan Respublikası hökumətinin və onun millətinin müdafiəçisi olub”
06.03.2019 [11:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Mədəniyyət və Kommunikasiya Təşkilatının rəisi Əbuzər İbrahimi Türkman martın 5-də jurnalistlərlə görüşündə Ermənistanın baş naziri Nikol Paşinyanın bir həftə əvvəl İrana səfərindən və onun Tehranın “Ararat” klubunda erməni icması ilə görüşündə Qarabağla bağlı səsləndirilən şüarlardan danışıb.

Paşinyanın Tehrana rəsmi səfərində, dini lider Əli Xamneyi ilə görüşünə toxunan Əbuzər İbrahimi Türkman deyib ki, İran lideri həmişə Azərbaycan Respublikası hökumətinə və onun millətinə dəstək verib, gələcəkdə də verəcək: “Son günlər baş verən bir anlaşılmazlıq, Azərbaycan Respublikasının əziz xalqının xətrinə dəyib və belə bir şübhənin yaranmasına səbəb olub ki, guya İran İslam Respublikasının Aərbaycan Respublikası hökumətinə və onun millətinə qarşı strategiyası dəyişib.

Mənim bildiyim qədər, İranın dini lideri həmişə region əhalisinin, o cümlədən də Azərbaycan hökumətinin və onun millətinin müdafiəçisi olub, bundan sonra da olacaq. O, həmişə onların hüquqlarını müdafiə edib, gələcəkdə də edəcək. İran İslam Respublikasının 15 qonşusu var. Bölgənin mühüm ölkələrindən biri olan Azərbaycan Respublikası da həmin ölkələrdən biridir.

İran Xarici İşlər Nazirliyi sözçüsünün də bildirdiyi kimi, Ermənistan baş nazirinin erməni icması ilə görüşündə səsləndirilən şüarlar qətiyyən İran İslam Respublikasının nəzəri və mövqeyi deyil. İranın nəzəri və mövqeyi həmişə rəsmi kanallardan elan edilir. İranın dini lideri isə, istər hazırda, istərsə də keçmişdə Azərbaycan Respublikası əhalisinə olan sevgi və mehribanlığını həmişə büruzə vermiş, hazırda da onun bununla bağlı nəzərində hər hansı bir dəyişiklik baş verməyib.

İranın lideri Ermənistanın baş naziri ilə görüşündə Qarabağ məsələsinə toxunaraq bildirib ki, Qarabağ münaqişəsinin həlli Azərbaycanla Ermənistan rəsmilərinin qarşılıqlı müzakirələri davam etdirməsindən asılıdır. O həmçinin, İran İslam Respublikasının bu münaqişənin həllinə yardım etməyə hazır olduğunu da vurğulayıb”.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 27-də İrana rəsmi səfərə gedib və onun İran prezidenti Həsən Ruhani tərəfindən Sədabad sarayında rəsmi qarşılanma mərasimi keçirilib. Görüş zamanı tərəflərin İran ilə Ermənistan arasında mövcud olan dostluq, siyasi, iqtisadi və mədəni əlaqələr barədə fikir mübadiləsi aparılıb.

Həmin gün, Paşinyan İranın dini lideri Əli Xamneyi ilə də görüşərək, iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi və Qarabağ mövzusu haqda fikir mübadiləsi aparıb. O, həmçinin Tehranın “Ararat” klubunda erməni icması ilə görüşüb. Görüşdə, Qarabağın guya ermənilərə məxsus olması barədə şüarlar səsləndirilib, üzərində ermənicə “Qarabağ Ermənistanındır və son” yazılmış plakatlar qaldırılıb. Bu isə, İranın müxtəlif şəhərlərində yaşayan azərbaycanlıların, o cümlədən də Təbriz əhalisinin və “Traxtur” futbol komandası tərəfdarlarının kəskin etirazı ilə qarşılanıb.

Qeyd etmək lazımdır ki, İran hər zaman Azərbaycan Respublikasının 20% torpağını işğal etmiş və minlərlə dinc insanı qətlə yetirmiş cinayətkar Ermənistana dəstək verir. Hətta Qarabağ müharibəsi zamanı İran Ermənistana hərbi yardımlar göstərib. Paşinyanın Tehrana səfəri isə 26 fevral Xocalı soyqrımından bir gün sonraya təsadüf edib.
Bu xəbər oxucular tərəfindən 57 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed