Şrift:
ADMİU-nun kafedra müdiri, Xalq rəssamı, professor Arif Əzizin “Bəyaz körpü” fərdi sərgisinin açılışı olub.
07.03.2019 [12:41] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Martın 6-da İstanblun Üsküdar Bələdiyyəsinin təşkilati dəstəyi ilə NEVMEKAN SAHİL salonunda ADMİU-nun Dizayn və Dekorativ sənət kafedrasının müdiri, Xalq rəssamı, professor Arif Əzizin “Bəyaz körpü” fərdi sərgisinin açılışı olub. Tədbirin birinci hissəsi günün birinci yarısında baş tutub. 8 mart Ümümdünya Qadınlar günü ilə bağlı Üsküdarda keçirilən III-cü “İz burakan kadınlar zirvəsi” tədbirində Arif Əzizin “Bəyaz” adlı əsəri Türkiyənin “Yaşılay” cəmiyyətinin və “İslam İşbirliyi Təşkilatı”nın prezidenti Esra Erdoğan Albayraka təqdim olunub. Esra Albayrak Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsində incəsənətin xüsusi rolunu qeyd edib. Daha sonra Arif Əziz və ADMİU-nun Rəssamliq fakültəsinin dekanı Sevil Kərimova NEVMEKANDA yerləşən “Xanım Soltanların Muzeyi”nin açılışında iştrak ediblər. Muzeyin ekspozisiyasında Osmanlı dövrünün 100-ə yaxın qadın geyimlərindən ibarət gəlincik kolleksiyası tamaşaçılara təqdim olunub.
Arif Əzizin 133 əsərindən ibarət sərginin açılışında İstanbul Universitetlərinin müəllim-professor heyətli, diplomatik nümayəndələr, rəssamın ailəsi, Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov, muzey, sənət evləri və qalereyaların nümayəndələri, eləcə də sənətseverlər və geniş ictimaiyyət iştirak edib. Tədbirin əvvəlində İstanbulun Mərmərə Universitetinin müəllimi, soydaşımız Aytac Rzaquliyevanın rəhbərlik etdiyi Trio-Miraculum qrupunun kiçik konserti keçirilib. Konsertdə İlyas Mirzəyevin, Oğuzhan Balcının, Endrü Uebberin əsərləri, Azərbaycan və türk xalq melodiyaları səsləndirilib. Daha sonra Üsküdar Bələdiyyəsinin Başçısı Hilmi Türkmen və Arif Əziz çıxış ediblər. Xalq rəssamı Arif Əzizin Azərbaycan-Türkiyə mədəni münasibətlərinin inkişafında əhəmiyyətli fəaliyyəti qeyd olunub və ona İstanbul Bələdiyyəsi tərəfindən “Təşəkkürnamə” təqdim olunub. Sərgi salonunun iki mərtəbəsini əhatə edən ekspozisiyanın konsepti Arif Əzizin yaradıcılıq yolununun fərqli məqamlarını, onların bədii spesifikasını, rəssamın fərdi manerasını izləyicilərə ardıcıl tərzdə açıqlamaqdır. Rəssamın 1970-cı illərdən başlayaraq bu günədək qrafika, rəngkarlıq, dizayn, teatr dekorasiyası sahələrində yaratdığı əsərlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sərginin kuratorları Meycem Ezengin və Ahmet Taner Özer sərgi haqqında danışarkən qeyd ediblər: “Biz konseptimizə Arif Əzizin “Bəyaz” dövrünü vurğulamaqla başladıq, lakin layihə genişləndi və nəticədə türk tamaşaçısına böyük bir sənət epoxasını əhatə edən möhtəşəm, dünya miqyaslı rəssam təqdim olundu”. Qonaqlara sərginin kataloqu təqdim olunub. Qeyd edək ki, sərgi aprel ayının 12-nə qədər davam edəcək.
Bu xəbər oxucular tərəfindən 70 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed