Şrift:
Bu gün Topaz Premyer Liqasının 20-ci turuna start veriləcək
09.03.2019 [10:57] - Gündəm, İdman
Martın 9-da futbol üzrə Topaz Premyer Liqasının 20-ci turuna start veriləcək.

Turun oyunları iki gün ərzində keçiriləcək. Turun saat 15:00-da başlayacaq birinci görüşündə “Keşlə” və “Sabah” komandaları üz-üzə gələcəklər. Qarşılaşmanı Rəhim Həsənov idarə edəcək.

Ölkə kubokunun sonuncu qalibi olan “Keşlə” hazırda 16 xalla 7-ci, debütant “Sabah” isə 21 xalla 5-ci pillədə qərarlaşıb. Bu komandalar arasında ilk iki dövrənin qarşılaşmalarında “Sabah” qalib gəlib.

İyirminci turun birinci gününə saat 18:30-da oynanılacaq “Qarabağ” – “Zirə” matçı ilə yekun vurulacaq. Görüşün baş hakimi Rauf Cabbarov olacaq. Ağdam təmsilçisi son on oyunda uduzmayıb. Paytaxt təmsilçisi isə son dörd qarşılaşmada məğlub olmayıb.

Turun martın 10-da keçiriləcək digər oyunlarında “Qəbələ” klubu “Səbail”, “Sumqayıt” isə “Neftçi”ni qəbul edəcək.

Bütün görüşlər “CBC Sport” televiziyası ilə birbaşa yayımlanacaq.

On doqquz turdan sonra turnir cədvəlində “ikihakimiyyətlilik” yaranıb. Hazırda hər ikisinin aktivində 41 xal olan “Neftçi” və “Qarabağ” birinci və ikinci yerləri bölüşürlər. “Səbail” klubu 31 xalla üçüncü, 25 xalı olan “Qəbələ” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq, “Sabah” (21), “Zirə” (18), “Keşlə” (16) və “Sumqayıt” (16) yer alıblar.
Bu xəbər oxucular tərəfindən 446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed