Şrift:
İranın neft naziri: “Neft sənayesinə qarşı təzyiq heç vaxt bu günkü səviyyədə olmayıb”
09.03.2019 [11:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın neft naziri Bijən Namdar Zenqanə fevralın 7-də Amerikanın rəsmi Tehrana qarşı qəbul etdiyi sanksiyalara işarə edərək bildirib ki, İranın “neft sənayesinə qarşı təzyiq heç vaxt bu günkü səviyyədə olmayıb”.

Zenqanə Amerikanın İrana qarşı qəbul etdiyi sanksiyaları “geniş miqyaslı müharibə” adlandıraraq deyib: “Bu gün biz geniş miqyaslı müharibə ilə üzbəüzük. Bu müharibənin digər müharibələrdən fərqi budur ki, ölüm və yaralanmaya yol açmır. Mən 1984-cü ildən nazir postunda işləyirəm, lakin heç vaxt bu günkü səviyyədə neft sənayesinə qarşı təzyiq görməmişəm.”

Qeyd etmək lazımdır ki, 2018-ci ilin may ayında Amerika Birləşmiş Ştatları rəsmi Tehrana qarşı yenidən sanksiyalar qəbul edərək nüvə razılaşmasından çıxdığını elan etdikdən sonra İran iqtisadiyyatı ağır vəziyyətə düşüb, eləcə də ölkə valyutası kəskin olaraq dəyərini itirib. Noyabr ayında isə İranın neft satışını sıfıra endirmək üçün bu ölkənin neft və qaz sektoruna qarşı sanksiyalar qəbul edilib. Bundan sonra İranın neft gəlirləri kəskin olaraq aşağı düşüb.

Rəsmi məlumatlara əsasən, sanksiyaların qəbul edilməsindən sonra İranın günlük 2.5 milyon barel neft hasilatı 1 milyon barelə düşüb. Hələ ki, ABŞ 8 ölkəni öz daxili ehtiyaclarını ödəmək üçün İrandan neft almaqla bağlı istisna siyahısına daxil edib. Amerikalı rəsmilər aprel ayından sonra bu müddəti artırmayacaqlarını qətiyyətlə bildirirlər.

İran neft naziri sonda “İran xalqının müqavimət nəticəsində Amerikanın İran nefti ilə bağlı cızdığı planlarının reallaşmasına imkan vermədiyini” deyib. O, həmçinin ölkəsinin alternativ yollara əl ataraq, “neft satışına davam etdiyini” və hətta İrana “investorlar cəlb etdiyini” də iddia edib.
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed