Şrift:
Azərbaycan ilə Dağıstan arasındakı əlaqələr uğurla inkişaf edir
13.03.2019 [10:40] - Dərbənd
Martın 12-də Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin sədri Oqtay Əsədov ölkələrimiz arasında çox qədim dostluq və qonşuluq münasibətlərinin olduğunu deyib. Bildirib ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarımızın rəsmi səfərləri və görüşləri böyük rol oynayır.

Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayan Oqtay Əsədov bildirib ki, bu əlaqələrin qurulmasında Dağıstanın da xüsusi rolu var. “Bu gün Azərbaycan ilə Dağıstan arasındakı münasibətlər bir çox sahələrdə inkişaf edir. Qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır. Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrə də öz təsirini göstərməkdədir. Bu gün Azərbaycanda Rusiya kapitallı 700 müəssisə fəaliyyət göstərir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard ABŞ dollarından çox olub. Sevindirici haldır ki, Azərbaycan ilə Dağıstan birgə investisiya layihələrini həyata keçirmək üçün kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq edirlər”, - deyə parlament sədri qeyd edib.

Ötən ilin iyununda görkəmli siyasi xadim Məhəmməd-Salam Umaxanovun 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirakını xatırladan Oqtay Əsədov bu səfəri zamanı dağıstanlıların azərbaycanlılara dərin hörmətlə yanaşdıqlarının şahidi olduğunu söyləyib.

Azərbaycan və Dağıstan xalqlarının uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadıqlarını söyləyən Xalq Məclisinin sədri Xızrı Şıxsəidov deyib ki, ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi önəm verilir.

Söhbət zamanı münasibətlərimizin genişlənməsində parlamentlərin rolu xüsusi qeyd olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli və digər rəsmi şəxslər iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 30608 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed