Şrift:
Azərbaycanda su ehtiyatları 10-15 faiz azalıb
13.03.2019 [10:40] - Gündəm, Sosial
Son onilliklərdə baş verən iqlim dəyişmələri fonunda yağıntıların azalması və temperaturun artması nəticəsində ölkədə su ehtiyatları 10-15 faiz azalıb. Bu prosesin müxtəlif iqlim ssenarilərinə əsasən gələcəkdə də davam etməsini nəzərə alaraq, təbii sərvətimiz olan sudan səmərəli istifadə olmasına nail olmalıyıq. Bu yanaşma müxtəlif sektorlar, o cümlədən əhali tərəfindən sudan istifadə zamanı əsas tutulmalıdır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verib.

“Qar suları yaz-yay gursululuq dövründə respublikanın əksər çaylarının həm səth, həm də yeraltı qida mənbələrini formalaşdırır. Buna görə aprel-iyun ayları ərzində respublikanın Şəmkir, Mingəçevir, Araz və s. su anbarlarında gözlənilən sululuğa uyğun tənzimləmə işlərinin aparılması üçün gursululuq axımı proqnozu tərtib edilir. Bu növ proqnozlar müvafiq təşkilatlar tərəfindən sudan istifadənin düzgün planlaşdırılması məqsədilə digər çaylar üçün də tərtib olunur.

Respublikanın kənd təsərrüfatı məhsullarının 90 faizi suvarılan torpaqlarda yetişdiyindən suvarmada istifadə olunacaq su mənbələrinin və onlarda gözlənilən su ehtiyatlarının əvvəlcədən müəyyən edilməsi vacibdir. Bunun üçün ölkədə qar ehtiyatları qiymətləndirilir. Martın 6-dan 18-dək ölkədə çaylarımızı qidalandıran qar ehtiyatlarını qiymətləndirmək üçün Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərinə ekspedisiyalar təşkil edilib. Tədqiqat işləri Daşkəsən-Gədəbəy, Quba-Qusar, Şəki-İsmayıllı, Şəki-Zaqatala istiqamətlərində 23 marşrut üzrə aparılır. Qarölçmə işlərini Milli Hidrometeorologiya Departamentinin 15 nəfər mütəxəssisindən ibarət 4 qrup həyata keçirir. Ümumi qar həcminin təyin edilməsi üçün tədqiqatlar zamanı dayanıqlı qar xəttinin yerləşmə hündürlüyü, qar layının sıxlığı və onun tutduğu sahə müəyyən edilir”, - deyə U.Tağıyeva diqqətə çatdırıb.

Qeyd edək ki, ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə istehsalçıların suvarma suyu ilə təminatının yaxşılaşdırılması məsələsi də daxil olduğundan çaylarda vegetasiya dövründə gözlənilən axımı daha da dəqiq proqnozlaşdırmaq üçün bu il qarölçmə işləri daha geniş formada aparılır.
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed