Şrift:
Fərəc Quliyev: Dişli siyasət yürütmək lazımdır... Raketlərlə vurulsun... (audio)
15.03.2019 [16:14] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev hökumətin hesabatına münasibət bildirdi və hökumət qarşısında suallar qoydu

Milli Məclisin bu gün – 15.03.2019 tarixində keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatı dinlənildikdən sonra, hesabatın müzakirəsi zamanı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev geniş çıxış edərək hesabata münasibətini bildirib və hökumət qarşısında bir neçə sual qoyub.

F.Quliyevin həmin çıxışının tam mətnini və səs yazısını təqdim edirik:

"Çox sağ olun, Cənab sədr!
Hörmətli sədr, hörmətli Baş Nazir və hökumət üzvləri, dəyərli həmkarlarım, mən də sizin hamınızı qarşıdan gələn bayram münasibəti ilə ürəkdən təbrik edirəm. Bu hesabat olduqca mükəmməl hazırlanıb. Hesabatdan da görünür ki, hökumət il boyu demək olar ki, çox fədakarcasına çalışıb. Xeyli ürəkaçan işlər görülübdü. Novruz müəllimin və onun ətrafında olan yeni təyin olunmuş komanda üzvlərinin də bu işə qatılması işlərin daha yaxşı getməsinə təbii ki, səbəb olub. Mən həmişə bildirmişəm, bir daha bildirirəm ki, bu insanlar reputasiyası çox təmiz olan, həddən artıq bacarıqlı, vətənpərvər insanlardırlar. Çox sevindirici təyinatlardırlar və nəticələr də artıq göz qabağındadır. Verilən hesabatda keçən hesabat dövründə bizim verdiyimiz tövsiyyələr, təkliflər və suallar vardı. Mənim də dörd bənddə bütün verdiyim tövsiyyələr, suallar cavablandırılıbdı, təkliflərim nəzərə alınıbdı, buna görə də ayrıca təşəkkür edirəm. Bu ümumiyyətlə həm təkliflərə verilən diqqətdir, həm də müxalif fikrə, tənqidlərə olan dözümlülükdü, həm də nəzərə alınması baxımından bu da yeni bir addımdır. Üstəlik bu ilki hesabatda elmlə bağlı olaraq yeni bir bölümdə müxtəlif kəşflər haqqında məlumat verilir və onların tətbiq sahələri- yəni Azərbaycanın artıq yeni idarəetmə sistemində bu sahədə vəsaitlərin qazanması yollarınn da reallaşdırılması, bu məsələləri inkişaf elətdirməsi üçün iş görülməsi də,bu sahəyə maraq da burdan görünür. Bu da sevindirici hal sayılmalıdır təbii ki. Mən bir neçə məsələyə münasibət bildirmək istəyirəm.
Birinci daxili bazarlarda yerli malların ticarət dövriyyəsi əvvəlki ilə nəzərən 2018-ci ildə 1.4 milyard dollar və yaxud da 12% azalaraq 11.7 milyarddan 10.3milyarda düşübdü.
Bu azalma həm əhali və dövlət büdcəsinin, yerli istehsalla məşğul olan fiziki və hüquqi şəxslərin yüz milyonlardan məhrum olması, həm də minlərlə iş yerlərinin itirliməsi anlamına gəlir. Deməli, yerli mallar yerli bazarlardan da sıxışdırılıb çıxarılır və boşalmış yerlər əcnəbi mallar hesabına dolmaqdadır.
İstehsalçıların daxili ticarətdə mövqeyini zəiflədən mənfi tendensiyanın durdurulması və onun doğurduğu ağır nəticələri aradan qaldırılması üçün tədbirlər nəzərdə tutulubmu?
Mən əlbəttə bayaq da qeyd elədim, aparılan islahatları tamamilə dəstəkləyirəm, çox ciddi işlər görülübdü, həddən artıq uğurlu addımlar atılıbdı amma bu sahədə də yeni bir yanaşma var yoxsa yox?
İkinci məsələ Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) açıqladığı 2018-ci il üçün məlumatda diqqəti çəkən 1 məqam var. Fondun açıqlamasından görünür ki, ötən il valyuta vəsaitlərinin idarəedilməsindən olan gəlirlər xeyli azalıb. Bunun səbəbi nədir ? Bu vəsaitlərin idarəedilməsindən gələn gəlirlər niyə azalıbdı? Mən bir dəfə də burda çıxışımda bildirmişdim, daha doğrusu dəfələrlə bildirmişdim ki, bizim Dövlət Neft Fondunun vəsaitləri xarici ölkələrdə əsasən, məndə olan məlumata görə 3 %-lə işlətməyə verilir və təklif eləmişdim ki, o vəsaitlər 3 %-lə Azərbaycanda gənclərə verilə bilər. Konkret olaraq sahə də göstərmişdim ki, əsgərlikdən şəhərə və ya kəndə qayıdan gənclərə verdiyi təklifə müvafiq olaraq kənd yerində 3%-lə kredit verilə bilər ki, istehsal sahəsi açsın, fermer təsərrüfatı açsın və torpaq sahəsi verilərki, 3 məsələni birdən həll etsin. Mənzil məsələsi, iş yeri, ölkədən getmir və başqalarını da burda işlədir. Şəhərdə də eyni cür eləmək olardı. Şəhər ətrafında kiçik bir torpaq sahəsi tutaq ki, sot yarım torpaq sahəsi verilsin, verdiyi layihəyə əsasən istehsal üçün 3%-lə kredit verilsin. Həm bir iş qurur, həm məskunlaşır, mənzil məsələsi həll olur, həm də ölkədə qalır.Bu gün bir milyondan çox gənclərimiz Rusiyaya, başqa yerlərə gedirlər və onlar gedib məcburi nigahlara belə girirlər. Mən buna toxunmuşdum, bir daha bildirirəm. Yəni bu problemləri aradan qaldırmaq üçün bu işlətməyə verilən vəsaitlərin bizim ölkədə verilməsi daha doğru olar, mən hesab edirəmki.
Üçüncü məsələ özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlıdır. Son zamanlar Dövlət Əmlak Komitəsi, onun hörmətli sədri Kərəm Həsənov xeyli dərəcədə bu komitənin işini irəli aparıbdı. Artıq qapılara gedib insanların, vətəndaşların istəklərini həyata keçirmək, işlərini asanlaşdırmaq, biokratik əngəlləri aradan qaldırılması, şəffaflığın təmin olunması xüsusi qeyd olunmalıdır. Həm də bununla yanaşı xeyli evlər, mənzillər varki, məsələn Hövsan kəndində demək olar bütün kənddə neçə illərdir, on illərdir insanlar burda yaşayırlar ,amma onların qeydiyyatı yoxdur. Onlar kredit götürmək istəyirlər, tutaq ki mənzillərini girov kimi qoya bilmirlər. Bu məsələnidə həll eləməyin məncə artıq zamanı çatıbdı.
Nəhayət ki, mən bir başqa məsələyə də toxunmaq istəyirəm. Doğrudur, burda işğal olunmuş ərazilərimizdəki vəziyyətlə bağlı bölüm var və beynəlxalq münasibətlərlə bağlı 9-cu bölümdə beynəlxalq əlaqələr sahəsində vəziyyətlə bağlı hesabat var. Çoxda tutarlı hesabatdır. Novruz müəllimin özünün də burdan əhval-ruhiyyəsi görünür, çünki o, bu məsələlərdə çox peşəkardır. Xarici siyasətdə görülən işlər, Dağlıq Qarabağla bağlı olan görülən işlər, bizim ərazilərimizə qanunsuz gələn adamların arzuolunmaz elan edilməsi ,burdakı fəaliyyət göstərən şirkətlərlə bağlı görülən tədbirlər, və .s, bunlar təqdirəlayiq haldır. Məsələn ,orda göstərilir ki, konkret olaraq ad ilə mən deyim Base Metals və Valex Group şirkətləri və bir neçə fiziki şəxslərə artıq verilən materiallarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda cinayət işi açılıbdı. Amma bu şirkətləri və adamları daha çox beynəlxalq məhkəmələrədə verməyin zamanıdır, çünki 155-ə qədər orda bizim müxtəlif növ faydalı qazıntı yataqlarımız vardır və onlar qanunsuz olaraq istismar olunurlar. Məsələn, xüsusən mən qeyd edim ki, Söyüdlü qızıl yatağının First Dynasty Mines (FDM) Kanada şirkəti tərəfindən istismar olunmasını nəzərinizə çatdırım. Təkcə bir ildə orda 7 tona qədər qızıl çıxarılıb aparılmışdır. Bu rəqəmlər civə ilə bağlı, gümüş ilə bağlı, başqa materiallarla bağlı milyardlarla ölçülən vəsaitə də aiddir. Ümuniyyətlə bizim iqtisadiyyatın 16 %-ni mənibsəyibdilər və orda bu cür işlər görürlər. Mən yenə deyirəm təqdir edirəm ki, bir neçə şirkətlə bağlı olaraq ölçü götürülür amma 30-a qədər şirkət və xüsusəndə xaricdə ermənilərin yaratdığı şirkətlər Azərbaycanın işğal olunmuş ərazilərinə gəlibdilər və burda qeyri-qanuni işlərlə məşğuldurlar. Əvvəl ağacları kəsib talayıb apardılar. Əmlakları, binaları söküb apardılar, indi isə artıq yeraltı, yerüstü sərvətləri talayırlar. Mədəniyyət abidələri dağıdıbdılar ki, bunlar təbii ki, rəqəmlə ölçülməz. Təkcə dağıdılmış əmlakla bağlı 60 milyard civarında bizə zərər veribdilər. Bunların adlı olaraq göstərilməsi çox vacibdir. Çünki istənilən dövlətin büdcəsi və hesabatı BMT-də də xüsusi bölümlər tərəfindən nəzərə alınır. Biz gələcəkdə təzminat davası açanda bu bizə lazım olacaq. Bu utopik bir şey deyil. Günün birində İraq Küveytə daxil olanda kimsənin ağlına gəlməzdi ki , Küveytə kiçik bir dövlətə İraq təzminat ödəyəcək .Amma bu günə qədər ödəyirlər, ödəməkdə davam edirlər və inşallah mən hesab edirəm ki, Ermənistan da bu təzminatı ödəməyə mütləq məcbur olacaqdı. Çox az zaman qaldı buna. Amma, Azərbaycan prokurorluğunun iş qaldırması,görülən bu tədbirlər məncə yetərincə deyil. Bəlkə mənim dediyim bir balaca duyğusal səslənə bilər. Hesab edirəm ki, müharibənin qaydalarıdır və bizimdə əmlakımızı burdan aparırlarsa həmin mədənlər, ora gedən yollar, körpülər, yer-yer tipli raketlərlə çox sadə şəkildə vurula bilər, sıradan çıxarılsın, daşınma önlənsin. Və yaxud da mən yeri gəlmişkən başqa məsələyədə toxunum. Ermənistan təyyarələri gəlib bizim ərazilərimizdə hərbi təlimlər keçdilər. Mən Müdafiə Nazirini həddən artıq bir vətənpərvər insan kimi tanıyıram və Müdafiə Naziriliyinin gördüyü işləri də alqışlayıram. Çox ciddi şəkildə bizim bir ordumuz artıq formalaşıbdı. Amma deyiləndə ki, təmas xəttini keçsələr biz ölçü götürəcəyik, bu doğru deyil. Təmas xətti sərhəd xətti deyilki. Onda belə çıxır ki, defakto ermənilərin əlində olan əraziləri Ermənistan ərazisi kimi tanıyır və sərhəd xətti kimi qəbul edirik. Sərhəddən keçən bütün vasitələr vurulmalıdır. Bugün Paşinyan gəlib Qarabağda bir şuranın iclasını keçirirsə, at oynadırsa məncə biraz dişli siyasət yürütmək lazımdı. Hesab edirəm ki, bunun üçün Azərbaycan Prezidentinin çox ciddi şəkildə ortada iradəsi var. Hətta bəzi nazirlərin, məmurların deyə bilmədiklərini protokol qaydaların pozub belə açıq şəkildə, sərt şəkildə ortaya qoya bilir. Novruz müəllim də o qəbildən olan vətənpərvər bir Baş Nazirdir və o komanda da olan adamlar da, Zakir müəllim də. Məncə bu məsələlərə bir fərqli yanaşma olmalıdır.
Hökumətin keçən ilki fəaliyyətini təqdir edirəm. Çox çalışıblar, necə deyərlər arı kimi çalışıblar. Hər bir sahədə irəliləyişlər vardır. Mən bu sənədə də səs verəcəm və mənim də təkliflərimin nəzərə alınacağını və inşallah gələn il hesabatında artıq falan-falan yerlərdə düşmən vuruldu, sıradan çıxarıldı kimi ifadələri hesabatda görsək çox sevinərik. Mən sizin bir daha bayramınızı təbrik edirəm və hesabata səs verəcəm. Sağ olun."
Bu xəbər oxucular tərəfindən 518 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed