Şrift:
Övladlığagötürmə ilə bağlı yeni qaydaların layihəsi hazırlanır
18.03.2019 [10:55] - Gündəm, Sosial
Prezident İlham Əliyevin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına əsasən, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki işçi qrupu tərəfindən işlər davam etdirilir. Görülən həmin tədbirlər çərçivəsində “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydaları”nın layihəsi hazırlanır.

Nazirlikdən bildiriblər ki, layihədə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə tərbiyəsinə (övladlığa, qəyyumluğa, himayəyə və ya himayədar və ya qrup ailəyə) verilməsi, bu imkanlar olmadıqda isə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş təhsil, tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilməsi məqsədilə vahid elektron uçotun aparılması qaydaları əksini tapır.

Həmin kateqoriyaya aid uşaqların övladlığa götürülməsi, övladlığa götürülmüş uşaqların saxlanması, tərbiyəsi və təhsili şəraitinə vahid nəzarət həyata keçiriləcək. Ona görə də layihədə bu sahədə nəzarət həyata keçirilməsi, eyni zamanda, uşaqları övladlığa götürməyi arzu edənlərin uçotunun aparılması, valideynləri tərəfindən tərk edilmiş, lakin övladlığa götürülməsinə yol verilməyən uşaqların himayədar və ya qrup ailələrdə yerləşdirilməsi ilə bağlı qaydalara da geniş yer verilir.

Layihənin hazırlanmasında övladlığa götürülmüş uşaqların iradə və mənafelərinin üstün tutulması, onların yeni ailələrdə layiqli yaşayış tərzinə malik olması, bu sahədə nəzarətin gücləndirilməsi, həmçinin övladlığagötürmə prosesində şəffaflığın və sadə prosedurun təmin edilməsi əsas prinsiplər kimi diqqət mərkəzində durur.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed