Şrift:
İran Bakı ilə Təbriz arasındakı bağı qoparmağa çalışır (Müsahibə)
06.08.2012 [16:20] - Müsahibə
Rza Talibi: «Ona görə də İran mətbuatında Azərbaycan Respublikası Şimali İran kimi təqdim olunur, rəsmi Bakı islam düşməni kimi qələmə verilməyə çalışılır»

«İran mətbuatında «Güney Azərbaycan», «Pişəvəri» və «Babək» sözlərindən istifadə qadağandır»

Müsahibimiz əslən Urmiyadan olan, hazırda isə Türkiyədə siyasi mühacir həyatı yaşayan Rza Talibidir. Gənc yaşlarından Güney Azərbaycan milli azadlıq mücadiləsinə qoşulan həmsöhbətimiz jurnalist fəaliyyətilə məşğuldur. Odur ki, elə söhbətimizə də bu istiqamətdə başladıq.
- Güney Azərbaycanda neçənci ildən jurnalistika ilə məşğul olurdunuz?
- 10 il əvvəl tələbə olduğum zamanlardan jurnalist fəaliyyətinə başladım. Lakin peşəkar jurnalistikayla 8 ildir məşğulam. İlk çalışdığım Urmiyanın «Yaşayış» və «Ulduz» qəzetləri oldu.
- Güney Azərbaycanın hər şəhərində qəzet nəşr olunur?
- 3-4 qəzet Təbrizdə çıxır. «Araz Azərbaycan» qəzeti Urmiyada işıq üzü görür. Amma tirajı çox azdır. Məsələn, «Araz Azərbaycan» gündəlik 15 min tirajla nəşr edilir. Bu, əhalisi milyon yarım olan şəhər üçün çox azdır. Başqa şəhərlərlə bağlı dəqiq məlumatım yoxdur.
- Onlar hansı dildə işıq üzü görürlər?
- Fars dilində nəşr edilirlər. Yalnız bir səhifə Azərbaycan türkcəsində (ərəb qrafikalı əski Azərbaycan türkcəsi) buraxılır və milli baxışları əks etdirmir.
- Nə üçün latın deyil, ərəb qrafikası ilə yazılır?
- Rejim Quzeylə Güney Azərbaycan arasında mədəni və ədəbi əlaqələrin möhkəmlənməsindən çox ehtiyat edir. Bunun üçün də məqsədli şəkildə yalnız ərəb hərflərindən istifadəyə icazə verir.
- Bəs jurnalistlər qəzetlərdə Azərbaycan tükcəsini latın hərflərilə yazmağa cəhd edirlər?
- Bəli belə cəhdlər var. Amma rejim buna icazə vermir, belə bir cəhdin qarşısını alır. Qeyd etdiyim kimi, əlifba fərqini saxlamaqla Quzeylə əlaqələrin inkişafına mane olmağa çalışırlar.
- Siz Güneydəki fəaliyyətiniz zamanı hansı mövzularda yazırdınız?
- Mən mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan vilayətinin problemləri, Urmiya gölüylə bağlı yazırdım. Həmin illərdə ermənilərin Quzeydə və Güneydə, eləcə də Osmanlıda törətdikləri qətliamlar və terrorlarla bağlı kitabım üç il əvvəl Tehranda fars dilində çap olundu. Bu, 750 səhifəlik «1915″ adlı kitabdır. Azərbaycanda ermənilərin törətdiyi qırğınlar geniş şəkildə yer alıb. Kitab rus, fars, ərəb və Osmanlı mənbələrinə aid olan 320 sənədə əsaslanaraq yazılıb.
- Kitabın nəşrinin qarşısını almağa çalışanlar oldu?
- Bəli, bu kitabı çətinliklə çap etdirik. Kitab iki il İran İslami İrşad və Mədəniyyət Nazirliyində qaldı. Çox çətinliklə nəşrinə icazə ala bildik. Çap edildikdən sonra təqib edilməyə başlanıldım. İranın cənubuna sürgün edildim. Kitabın nəşri ciddi əks-səda yaratdı. Təccüblənirdilər ki, İranda ermənilərə qarşı belə kitab necə nəşr edilə bilər? İki min tirajla çap olunan kitab qısa müddətdə tam satıldı. İkinci dəfə təkrar nəşrinə icazə verilmədi.
- Kitab hansı şəhərlərdə satıldı?
- Tehranda, Təbrizdə və başqa şəhərlərdə, demək olar ki, çox yerdə satıldı.
- Kitabla bağlı İranda yaşayan ermənilər tərəfindən etiraz edənlər oldu?
- Erməni qonşularımız, xüsusən də erməni keşişləri sərt etiraz etdilər. Hətta erməni keşişləri Urmiya valisinə etiraz məktubu göndərdilər. Bundan sonra rejim kitabın ikinci nəşrinin qarşısını aldı və məni sürgünə göndərdi.
- Nə qədər qaldınız sürgündə?
- İki il qaldım. Orada məhkəməm keçirildi. Güney Azərbaycanda rejimə qarşı təşkilatlanmaq, pantürkimz, dövlətə qarşı təbliğat aparmaq ittihamlarıyla mühakimə olundum. Sürgündən qayıdandan sonra sənədlərimi vermədikləri üçün qaçaq yolla bir il əvvəl Türkiyəyə gəldim.
- Qeyd etdiniz ki, qəzetlərin bir səhifəsi Azərbaycan türkcəsində yazmağa icazə verirlər. Həmin səhifədə adətən hansı mövzular yer alır?
- Siyasi mövzular olmur. Adətən mədəniyyət, poeziya, tarixlə bağlı yazılar dərc edilir. Yəni siyasətdən uzaq, belə deyək ki, rejim üçün təhlükəsiz məsələləri yazmağa icazə verirlər. Yeni fikir olmur, klassik ədəbiyyat və eyni mövzular təkrarlanır.
- İranda Azərbaycan tarixi təhrif olunmuş məzmunda tədris olunur. Həmin qəzetlərdə də tarix eyni cür yazılır?
- Bəli. Əgər kimsə Azərbaycan tarixi ilə bağlı gerçək məlumatları yazmağa cəhd etsə, İran İslami İrşad və Mədəniyyət Nazirliyindən etiraz və xəbərdarlıq alır. Təxminən 6 il əvvəl İran İslami İrşad və Mədəniyyət Nazirliyi tərəfindən bütün qəzetlərə məktub göndərilərək «Güney Azərbaycan», «Pişəvəri» və «Babək» sözlərindən istifadə tam qadağan olundu.
- İran hakimiyyətinə xidmət edən azərbaycanlı jurnalistlər də var?
- İran rejiminin uzun illər sistemli şəkildə apardığı siyasət nəticəsində assimilyasiya olunmuş Azərbaycan türkləri də var. Onların içərində jurnalistlər də istisna deyil. İran hakimiyyətinə xidmət edən jurnalistlər və qəzetlər də var. Rejimə yarınmaq üçün hakimiyyətin maraqlarını əks etdirir, Azərbaycan tarixini təhrif edilmiş şəkildə yazırlar.
- Ötən günlərdə İranın rəsmi dövlət televiziyası (İRİB) Azərbaycan Respublikasının ərazisini İran torpaqları kimi yazmışdı. İran mətbuatında Azərbaycana qarşı bu cür təxribatlar çox olur?
- Hədsiz çox olur. Azərbaycan Respublikası Şimali İran kimi təqdim edilir. Bu, İranın Azərbaycana qarşı təxribatlarınnı bir parçasıdır. Tehran çox zaman dindən Azərbaycana qarşı sui-istifadə edir. Rəsmi Bakını islama qarşı, islam düşməni kimi göstərməyə, bununla da dindarları Azərbaycan Respublikasına qarşı qaldırmağa çalışır. İstəyirlər ki, Güneyin dindarlarında elə təsəvvür yaratsınlar ki, guya Quzeydə hakimiyyət islama qarşıdır, orada insanlar dindən uzaqdırlar və s. Bununla da Bakı ilə Təbriz arasındakı bağı qoparmağa, mənəvi uçurum yaratmağa çalışırlar. Hər yola əl atan Tehran insanların dini duyğularını da siyasətə alət edir. Bu təxribat yalnız dinlə də hüdudlaşmır. İran əhalisinə Azərbaycan Respublikasını sosial-iqtisadi cəhətdən də acınacaqlı şəkildə təqdim etməyə çalışır. Bunun üçün daha çox mətbuatdan istifadə edilir. Məsələn, Bakı ilə bağlı xəbərin fotosunda ac və ya küçədə dilənən uşaq rəsmi təsvir olunur. Beləcə fars hakimiyyəti hər fürsətdə Quzeyi gözdən salmağa çalışır. Bununla da Quzeyə can atan Güneyin qarşısını almaq istəyir. Çünki Azərbaycan Respublikasının güclənməsi Güneyin milli azadlıq hərəkatına da müsbət təsir göstərir. Bizim üçün Güneylə Quzeyin heç bir fərqi yoxdur, hər ikisi də vətənimizdir. Sözdə belə ayırmağı sevmədiyimiz Azərbaycanın hər qarışı ana torpağımızdır. Biz Quzeyin hər inkişafına, uğuruna sevinir, bununla fəxr edirik. Quzeyin inkişafı Güneydəki hərəkata ruh verir.
Bu xəbər oxucular tərəfindən 1391 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed