Şrift:
Almaniyada Türkdilli Diasporların I Potensial Artırma Təlim Proqramı təşkil edilib
28.03.2019 [11:25] - Xəbərlər, Türk dünyası-Turan
Türk Şurası və Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən Türkdilli Diasporların I Potensial Artırma Təlim Proqramında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan nümayəndələri iştirak ediblər. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbirdə ölkəmizi Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri və Komitə sədrinin köməkçisi təmsil edib. Bundan başqa, tədbirdə Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının və bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının üzvləri iştirak ediblər. Təlim proqramının təşkilində əsas məqsəd türkdilli ölkələrin diasporlarının birgə fəaliyyətinə nail olmaq, onların təkcə Avropada deyil, bütün dünyada bərabər fəaliyyət imkanlarını gerçəkləşdirməkdir.

Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli təlim proqramının təcrübə mübadiləsi baxımından əhəmiyyəti barədə danışıb. O, Türk Şurası ilə səmərəli əməkdaşlığın vacibliyini vurğulayıb. Bildirib ki, son zamanlar diaspor quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib və müvafiq sənədlər qəbul edilib. Aparat rəhbəri Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi ilə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumu və 2019-cu il üçün müəyyən olunan tədbirlər planı barədə tədbir iştirakçılarını məlumatlandırıb. Bununla yanaşı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumları arasında təcrübə mübadiləsi proqramının açılış mərasimi və Türk Şurası nəzdində fəaliyyət göstərən diasporla iş üzrə Təmas qrupunun 5-ci iclası haqqında da məlumat verilib.

Daha sonra müxtəlif diaspor təşkilatlarının nümayəndələri çıxış edib və görülən işlər barədə ətraflı danışıblar.

Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev görülən işlərin görüntülü təqdimatını edib.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videotəqdimat aparat rəhbərinin çıxışı ilə müşayiət olunub.

Təlim Proqramında Dövlət Komitəsinin son zamanlar gördüyü işlər böyük marağa səbəb olub və qeyd edilib ki, bu işlər əhatəli, çoxistiqamətli, praktik cəhətdən səmərəli və gələcəyi doğru hədəfləyən işlər kimi yüksək qiymətləndirilməlidir. Vurğulanıb ki, görülən işlər diaspor hərəkatında yeni bir mərhələnin başlanmasının ən bariz nümunəsidir.

Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, tanınmış alim Yaşar Musayev, Berlin Humbolt Universitetinin müəllimi, elmlər doktoru Rasim Mirzəyev və Almaniyada təhsil alan Qurban Məmmədov çıxış edib, mövzu ətrafında təkliflərini səsləndiriblər.

Həmçinin birgə fəaliyyət istiqamətində atıla biləcək addımlarla bağlı fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı diaspor təşkilatları təmsilçilərinin gələcək əməkdaşlıqla bağlı təklifləri diqqətəlayiq hesab olunub.

Sonra Türk Şurasının və TDƏŞ-in birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə konsert proqramı təqdim olunub. Konsertdə müxtəlif ölkələrdən rəqs ansamblları, o cümlədən Azərbaycanın “Cəngi” və Ankara Türk dünyası rəqs ansamblları iştirak edib. Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistandan olan incəsənət ustalarının, Rusiyada, Moldovada yaşayan türk icmalarını təmsil edən sənət adamlarının çıxışları, Azərbaycandan Nisbət Sədrayevanın ifası könülləri oxşayıb və coşqu yaradıb.
Bu xəbər oxucular tərəfindən 93 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed