Şrift:
İranda baş verən təbii fəlakət ölkəyə külli miqdarda ziyan vurub
28.03.2019 [11:29] - Güney Azərbaycan xəbərləri
Son 50 ildə İranda bu miqyasda təbii fəlakət baş verməmişdir.

Bu sözləri İran İslam Respublikasının prezidenti Həsən Ruhani mətbuata açıqlamasında deyib. O bildirib ki, dövlət tərəfindən seldən ziyan çəkənlərə bütün lazımi kömək göstəriləcək.

Həlak olanların ailələrinə başsağlığı verən prezident bir neçə naziri fəlakət bölgələrinə göndərdiyini qeyd edib.

Xatırladaq ki, İranın cənub-qərbində yerləşən Fars vilayətinin Şiraz da daxil olmaqla bir neçə şəhərinə güclü sel böyük ziyan vurub. Şəhərlərin infrastrukturu tamamilə dağılıb. Təbii fəlakət nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb. Xilasedicilər ölənlərin sayının artacağı ehtimalını irəli sürüblər.

İranın qərbində yerləşən Lorestan vilayətində də çayların tüğyan etməsi və səkiləri su basması əhalinin gediş-gəlişində problemlər yaradıb. Lorestan valiliyi bu vilayətin bəzi məntəqələrinin infrastrukturlarına böyük xəsarətlərin dəydiyini bildirib.

İranın şimal-şərqində yerləşən Gülüstan vilayətində də yeddi gün yağan yağış nəticəsində Ağ Qala şəhərinə ciddi ziyan dəyib. Şəhərin infrastrukturu sıradan çıxıb. İranın hidrometeorologiya təşkilatı bildirib ki, Xuzistan, Buşehr, İlam, Fars, Kermanşah, Kürdüstan, Lorestan, Çaharmahal, Bəxtiyari və İsfahan vilayətlərində daşqının baş verməsi ehtimalı var. Aramsız yağışların davam etməsi yeni sel dalğasının olacağını deməyə əsas verir.

Ölkəyə dəyən zərərin miqdarı milyard dollar həcmindədir.
Bu xəbər oxucular tərəfindən 94 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed