Şrift:
Səudiyyə rəsmisi: “Ərəb ölkələri İranın təhdidini aradan qaldırmaq üçün birgə hərəkətə keçməlidir”
30.03.2019 [11:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Səudiyyə Ərəbistanının xarici işlər naziri İbrahim Əbdüləziz Əl-Əssaf martın 29-da Tunisdə keçirilən Ərəb Dövlətləri Liqasına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında çıxış edərək, İranın dağıdıcı regional siyasətindən və onun ballistik raketlər proqramından danışıb.

Öz çıxışında İranın bölgənin ərəb ölkələrinin daxili işlərinə qarışmasını ərəb dünyasına qarşı ən mühüm təhdid adlandıran İbrahim Əl-Əssaf, bu təhdidi aradan qaldırmaq üçün ərəb dövlətlərini birliyə çağırıb: “Biz, İran İslam Respublikasının ərəb ölkələrinin daxili işlərinə müdaxilə etməsi ilə müxalifik və bunun dərhal dayandırılmasını tələb edirik.

Hesab edirik ki, “Sepah”ın ərəb ölkələrinin daxili işlərinə qarışması, “Sepah”a bağlı yaraqlı dəstə və qruplaşmaların İraqda, Yəməndə, Suriyada və Livanda fəaliyyət göstərməsi, terrorizmin və ekstremizmin ən təhlükəli formalarından biri sayılır. Bunun isə qarşısının alınması ərəb ölkələrinin bir-biri ilə sıx əməkdaşlığından asılıdır.

İranın apardığı ballistik raketlər proqramına gəlincə, hesab edirəm ki, ərəb ölkələri bu təhdidi dayandırmaq üçün birgə hərəkətə keçməlidirlər. İranın ballistik raketləri regional və beynəlxalq təhlükəsizliyə qarşı ciddi bir təhdiddir. İran Səudiyyə Ərəbistanının şəhərlərini hədəfə almaq üçün Yəməndə husi üsyançılarına raket verir, onlara hər baxımdan dəstək verir. Bunun isə düşünürəm ki, qarşısı alınmalıdır” – deyə İbrahim Əl-Əssaf əlavə edib.
Bu xəbər oxucular tərəfindən 60 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed