Şrift:
Məsud Pezeşkiyan Tehranda Qarabağla bağlı plakat qaldırılmasını növbəti dəfə tənqid edib
01.04.2019 [11:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır, vəssalam” sözləri yazılmış plakatın qaldırılması əksər soydaşlarımızla birlikdə bəzi azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olmuşdur.

Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan bu məsələyə növbəti dəfə münasibət bildirib.

“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, millət vəkili bu kimi məsələləri struktur problemi adlandırıb.

“Hesab eliyirəm ki, hər bir rəsmi və legitim hökumətə yardım edilməlidir. Biz indiki problemlərə görə bir-birimizə qarşı təxribat aparsaq, o zaman düşmən dəyirmanına su tökmüş olarıq.

Ermənistanın baş nazirinin Tehran səfəri və Ararat klubunda Qarabağla bağlı qaldırılan plakatla əlaqədar nə demək olar?! Deyim ki, xaindilər? Xeyir, fərdlərin ayrı-ayrılıqda günahı yoxdur. Bu bizim də həmin çərçivədə fəaliyyət göstərdiyimiz struktur problemidir. Elə bir zəmin yaradılıb ki, orada hər kəs çaşıb yanlış əməl edə bilər”- deyə o bildirib.

Məsud Pezeşkiyan bundan əvvəldə bu məsələyə münasibət bildirmişdir.
“İranın rəsmi siyasəti qonşu ölkələrin daxili işinə qatılmamaqdan ibarət olssa da, heç zaman bir ölkənin işğala məruz qalması ilə razılaşmır. İran erməniləri bizim vətəndaşlarımızdır. Lakin bir xarici ölkənin baş nazirinin bizim yerlilərimizlə mitinq keçirməsi və işğalçılığa haqq qazandıran şüarların səsləndirilməsi böyük sual doğurur.
Vurğulamalıyam ki, ölkə rəhbərinin dediyi kimi, “Qarabağ islam torpağıdır, vəssalam!”- deyə o qeyd etmişdir.

1992-ci il 26 fevral tarixində azərbaycanlılar Xocalıda ermənilər tərəfindən soyqırıma məruz qalıb. Bu faciənin 27-ci ildönümündən bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan İrana rəsmi səfər edib. O səfər çərçivəsində bu ölkənin prezidenti Həsən Ruhani və dini lideri Əli Xamneyi ilə görüşüb, tərəflər iki ölkə arasında əlaqələrin daha da genişlənməsi barədə müzakirələr aparıb.
Nikol Paşinyan Tehranda səfərdə olarkən “Ararat” klubunda erməni icması ilə də görüş keçirib. Görüşdə “Qarabağ Ermənistandır, vəssalam” yazılmış plakat qaldırılıb. İranın Azərbaycanın ərazi bütövlüyünə qarşı plakatın qaldırılmasına imkan tanıması güney azərbaycanlıların kəskin etirazına səbəb olmuşdur.

N.S
Bu xəbər oxucular tərəfindən 82 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed