Şrift:
Baş Prokurorluq yeni korrupsiya faktları ilə bağlı məlumat yayıb
07.08.2012 [14:38] - Hüquq
161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında cinayət işi başlanaraq istintaq aparılıb


Baş Prokurorluq yeni korrupsiya faktları ilə bağlı məlumat yayıb. ANS PRESS-in Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyanın, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması istiqamətində prokurorluq orqanları tərəfindən ardıcıl və sistemli tədbirlər davam etdirilir.

Belə ki, Bakı şəhər sakininin Tapdıq Əliyev tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında cinayət işi başlanaraq istintaq aparılıb. Müəyyən edilib ki, T.Əliyev Bakı şəhər sakininə özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edib, onun oğlunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə sürücü kimi işə qəbul edilməsində köməklik göstərəcəyini vəd edərək işə qəbul edəcək şəxsə rüşvət verəcəyi adı ilə 2011-ci ilin yanvar-mart aylarında ondan 7.340 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib. T.Əliyev öz cinayətkar əməllərini davam etdirərək Şəki rayon sakinindən Korrupsiyaya qarşı Mübarizə İdarəsinə mühafizəçi və ya əməliyyatçı kimi işə qəbul edilməsində köməklik göstərəcəyini vəd edərək 2010-cu ilin sentyabr ayından 2011-ci ilin mart ayına kimi hissə-hissə ümumilikdə 3.000 manat məbləğində pulu alaraq dələduzluq yolu ilə ələ keçirib. T.Əliyev daha sonra Şəki rayon sakininə özünü Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi kimi təqdim edib, onun guya həmin idarənin Şəki şəhərində yaradılacaq regional şöbəsində işə qəbul edilməsinə köməklik göstərəcəyini vəd edərək həmin şəxsdən 4.000 manat məbləğində pul almaqla dələduzluq edib. T.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Digər cinayət işi “Siyəzən Broyler” ASC-nin sabiq satıcı-ekspeditoru Vüqar Hacınəsibovun hesabında çatışmazlığın olması faktı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində başlanıb. Müəyyən edilib ki, V. Hacınəsibov 2006-2012-ci illərdə ASC-də satıcı-ekspeditor vəzifəsində işləyərkən cəmiyyətin anbarından toyuq əti məhsullarının satışından əldə etdiyi ona etibar olunmuş 26 min 665 manat məbləğində özgə əmlakını qulluq mövqeyindən istifadə edib mənimsəmə yolu ilə talamaqla cəmiyyətə külli miqdarda ziyan vurub.

V.Hacınəsibov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu xəbər oxucular tərəfindən 1554 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed