Şrift:
Bu adamları ciddiyə almıram Fərəc Quliyev AXCP-Müsavat "davası" barədə
04.04.2019 [10:05] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Biri barmağını qatlayıb desin ki, biz filan şeylə yadda qalmışıq"

Müsavat Partiyası 7 aprelə, AXCP-dən ibarət olan "Milli Şura" (MŞ) isə 6 aprelə aksiya təyin edib. İlk qərar Müsavatdan gəlib və bundan dərhal sonra MŞ bir gün öncəyə mitinq qərarı verib. Bu da hər iki düşərgəni üz-üzə qoyub. Sosial şəbəkədə tərəflər bir-birinin ünvanına ən ağır ittihamlar, tənqidlər, hətta təhqirlər belə səsləndirirlər.

Müsavat MŞ-ni prosesləri ələ almaq üçün tələm-tələsik aksiya təyin etməkdə və mitinqlərinə kölgə salmaqda ittiham edir. Əks tərəf isə bunların hər birini təkzib edir və mitinq qərarlarının yarım ay öncədən olduğunu deyir.

Mövzu barədə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyevin fikirlərini aldıq. O, müxalifətin daxili işlərinə qarışmaq istəməsə də bildirdi ki, bu gün ölkədə çox ciddi islahatlar gedir. Ona görə də ciddi şəkildə birliyə ehtiyac var:

"Bu adamlar bütün təsir rıçaqlarını itirəndən sonra çalışırlar ki, islahatlardan yan keçsinlər və ölkədə insan hüquqları ilə bağlı vəziyyətin pis olması ilə bağlı bəyanatlar versinlər. Eyni zamanda, ölkədə qarşıdurmaların baş verməsi üçün zəmin yaratmaq istəyirlər. Hesab edirəm ki, hər bir təşkilat, hər bir vətəndaş öz məsuliyyətini hiss etməlidir. Bu partiyalar ayrılıqda mitinq təşkil edirlər, əslində bu, mənə aydın deyil, çünki onların sosial bazaları yoxdur. Sosial şəbəkələrdə mənim də gözümə dəyir, görürsən ki, adi məsələlərdə bir-biriləri ilə uzlaşa bilmirlər. Birlik əslində bir ideoloji əsaslar üzərində mümkün olur. Bu prinsip yoxdursa, filankəs masadan qalxsın, mən oturum davası gedirsə, heç bir birlikdən söhbət gedə bilməz. Həm də bütün bunlar ciddi söhbətlər deyil".

F.Quliyev vurğuladı ki, ümumiyyətlə ölkədə dövlət maraqları bütün fərdi maraqlardan üstdə dayanmalıdır:

"Bu gün dövlətimizin maraqları naminə toparlanmağa ehtiyac olarsa, iqtidarlı, müxalifətli – hər kəs bir olmalıdır. Yoxsa, bu cür uşaq oyunlarına təbii ki, heç bir yer yoxdur. Düşünürəm ki, cəmiyyət də bunu qəbul eləmir. Müxalifətin ötən mitinqlərini də gördük, ən yaxşı halda 3000 adamla çıxa bilərlər. Bu da onların elektoratının olmaması deməkdir. Üstəlik də hər hansı bir hadisədən sui-istifadə eləmək, bir məsələdən dərhal yararlanıb etriaz aksiyası ilə gündəmə gəlməklə siyasətçi bir günlük gündəmdə olur, ikinci gün hava şarı kimi partlayır. Ona görə də bu cür mitinqlərin perspektivli olmadığını düşünürəm. Açığı mən istər AXCP, istərsə də “Müsavat"ı ciddiyə almıram, son zamanlar onların fəaliyyətlərini də heç izləmirəm. Baxın, bu adamlar 90-cı illərdən nə ilə yadda qalıb? Biri barmağını qatlayıb desin ki, biz filan şeylə yadda qalmışıq. Ona görə də bu adamların cəhdləri cəmiyyət tərəfindən ciddiyə alınmayacaq.

Elgün
AzNews.az
Bu xəbər oxucular tərəfindən 351 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed