Şrift:
Türkiyə siyasətinin “İstanbul kartı” – AKP və CHP siyasi doktrinası...
04.04.2019 [10:09] - Xəbərlər, Siyasət, Türk dünyası-Turan, Özəl xəbər, Fərəc Quliyev
“Böyük siyasətin konturlarının cızıldığı bir mərkəz kimi həmin şəhərin xarici siyasətə də təsir imkanları az deyil”

Fərəc Quliyev: “İstanbulun bələdiyyə başqanı olacaq şəxsin gələcək parlament və prezident seçkilərinə ciddi təsiri ola bilər”

Türkiyədə keçirilən son bələdiyyə seçkiləri bütün dünyanın diqqət mərkəzindədir. Bunun başlıca səbəblərindən biri seçkilərdə ciddi rəqabət mühitinin olmasıdır. Bir çox böyük şəhərlərdə namizədlər arasındakı səstoplama fərqi çox cüzidir. Bu da mübarizənin gərginliyi, namizədlərin ciddi harizmatik xüsusiyyətlərə malik olması ilə bağlıdır.

Ən gərgin mübarizənin isə Türkiyənin iqtisadi paytaxtı və böyük şəhəri sayılan İstanbulda getdiyinin şahidi oluruq. Hiss edilir ki, hakim partiya oradakı məğlubiyyəti ilə barışmaq istəmir. AKP-nin nüfuzlu simalarından olan sabiq baş nazir Binəli Yıldırımın yenilməsini həzm edə bilmirlər.

Məhz buna görə də Türkiyənin Yüksək Seçki Qurumu (YSQ) hakim AKP-nin müraciəti əsasında İstanbulun 7 rayonu üzrə səslərin yenidən sayılmasına qərar verib. Xəbərlərə görə, əvvəlcə AKP səslərin yenidən sayılması üçün İstanbul Dairə Seçki Komissiyasına müraciət edib. Lakin səslərin yenidən sayılmasından narahat olan CHP bunun üçün əsas olmadığını irəli sürərək bu müraciətin təmin edilməməsini, səslərin sayılmasının dayandırılmasını istəyib. Halbuku, qanunda buna icazə verilmir. Ancaq qəribə də olsa, İstanbul Dairə Seçki Komissiyası CHP-nin istəyi ilə 7 rayonda səslərin yenidən sayılması prosesini qanunsuz olaraq yarımçıq dayandırıb. Məsələyə gecə saatlarında YSQ müdaxilə edib və bülleten torbalarının artıq açıldığını nəzərə alaraq səslərin yenidən sayılması qərarını verib.

Xatırladaq ki, YSQ-nin açıqladığı və hələlik rəsmi olmayan nəticələrə görə, İstanbulda seçkiləri CHP-nin namizədi Ekrem İmamoğlu udub. Hakim partiyanın namizədi Binəli Yıldırım ondan 24 minə yaxın səslə geri qalır. Buna baxmayaraq, Yıldırım məğlub olduğunu qəbul etmir və AKP səslərin sayılmasında ciddi pozuntuların olduğunu iddia edərək yenidən sayım tələb edir.

ABŞ Dövlət Departamenti isə Türkiyədə tərəfləri “seçkilərin legitim nəticələrini tanımağa” çağırıb. Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Palladino Türkiyədəki seçkilərlə bağlı bildirib: “Xəbərləri izləyirik. Azad və ədalətli seçkilər demokratiyanın mühüm hissəsidir. Bura legitim nəticələrin qəbul edilməsi də daxildir”.

Dövlət Departamenti rəsmisinin bəyanatı Ankaranın xoşuna gəlməyib. Türkiyə XİN-in rəsmi nümayəndəsi Hami Aksoy yazılı bəyanatla çıxış edərək deyib ki, heç bir ölkənin “hüquq və demokratiyadan uzaq şəkildə başqa ölkələrdə seçkilərin nəticələrinə müdaxilə etmək və özünü nəticələrin legitim qaynağı olaraq görmək səlahiyyəti yoxdur”.

Qeyd edək ki, Türkiyənin Yüksək Seçki Qurumu İstanbulun 8 rayonu ilə bağlı qərarını verib.

Fateh, Beykoz, Çəkməköy, Şile, Bayrampaşa və Çatalca kimi rayonlarda etibarsız səslər yenidən sayılacaq. Səslərin sayılması prosesi bütün partiya nümayəndələrinin iştirakı ilə baş tutacaq.

YSQ AKP-nin Bəyoğlu və Sancaqtəpə ilə bağlı etirazını isə rədd edib. Qeyd edək ki, AKP İstanbulun 39 rayonunun hamısında seçkinin nəticələrinə etiraz etmişdi.

Maraqlıdır, İstanbulun bələdiyyə başqanı olmaq ölkə siyasəti, Türkiyənin gələcəyi üçün hansı mühüm əhəmiyyəti daşıyır ki, AKP İstanbul uğrunda belə aramsız savaşır?

Millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Türkiyədə keçirilən seçkiləri bütün mənalarda təqdir etmək lazımdır: “Çox demokratik seçki keçirildi. Bu münasibətlə bütün türk xalqını təbrik edirəm. Çünki orada əldə olunan uğur bizim uğurumuz sayılır. Hansı qüvvənin qalib gəlməsinin bizim üçün elə də böyük əhəmiyyəti yoxdur. Milli mənafe baxımından Türkiyədəki siyasi qüvvələr hər zaman bir yerdə olurlar və bundan sonra da belə olacaq. İstanbul Türkiyənin əhali baxımından ən böyük şəhərədir. Çox strateji bir yerdir, sözün bütün mənalarında. Həm iqtisadi, həm də siyasi münasibətlərin aydınlaşdığı bir yerdir. Böyük siyasətin konturlarının cızıldığı bir mərkəz kimi həmin şəhərin xarici siyasətə də təsir imkanları az deyil. Bununla yanaşı, İstanbulda cəmləşən əhali əyalətlərdən tam fərqlidir. Əsasən savadlı kütlənin cəmləşdiyi bu şəhərdəki səsləri qazanmaq ölkənin bütün partiyaları üçün böyük əhəmiyyət daşıyır. İstanbulun büdcəsi bir çox ölkələrin büdcəsindən artıqdır. Hesab edirəm ki, nəticələrlə bağlı məsələyə tam obyektiv baxılacaq. Namizədlərin hər biri uğurlu adamlardır. Bu həm də gələcək seçkilər üçün bir baza rolunu oynayır. İstanbulun bələdiyyə başqanı olacaq şəxsin gələcək parlament və prezident seçkilərinə ciddi təsiri ola bilər. Mən təbii ki, seçkilərə müdaxiləni nəzərdə tutmuram. İstanbul bələdiyyəsinə rəhbərlik edən şəxs öz işi ilə bağlı ciddi uğur qazanarsa, onda həmin şəhərin seçicilərinin böyük hissəsinin özünün təmsil olunduğu partiyaya səs verməsini qarantiləmiş olacaq. Ona görə də İstanbul uğrunda belə qızğın mübarizə gedir”.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 287 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed