Şrift:
Rusiya bir addım geri çəkilsə, bayrağımızı İrəvana sanca bilərik - Deputat
04.04.2019 [10:12] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunmasından imtina etmir, müharibənin sadəcə aktiv fazası dayanıb.

Bunu Yeniavaz.com-a Milli Məclisin deputatı, Milli Dirçəlilş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Vyanada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra ekspertlərin müharibənin yenidən başlana biləcəyinə dair fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan münaqişənin dinc yolla həll olunmasından imtina etmir:
“Müharibənin sadəcə aktiv fazası dayanıb. Biz təbii ki, müharibənin birinci hissəsindən sonra yaranmış mövcud vəziyyətlə razılaşa bilmərik. Ermənistan onun arxasında olan qüvvələrlə birlikdə Azərbaycanın ərazilərini işğal ediblər. Müharibə o zaman bitmiş sayılacaq ki, Azərbaycan ərazilərindən bütün işğalçı ordu çıxsın. 2016-cı ilin aprel döyüşlərində müharibəni sona çatdırmaq imkanımız da var idi. Lakin beynəlxalq təşkilatlar Azərbaycanı məsələni dinc yolla həll etməyə təkid etdilər. Biz hücumu dayandırdıq, amma çox təəssüflər olsun ki, heç bir tədbir görülmədi”.

Millət vəkili qısa zaman ərzində bu məsələ həll olunmazsa, Azərbaycanın hərbi yola əl atacağını və öz torpaqlarını azad edəcəyini deyib:

“Həm BMT Nizamnaməsinin 52-ci maddəsinə və qəbul etdiyi 4 qətnaməyə, həm Azərbaycan Respublikasının Konstitusiyasına, həm də bütün beynəlxalq konvensiyalara görə ölkəmiz öz torpaqlarını azad etmək üçün bütün üsullardan, o cümlədən hərbi üsuldan istifadə edə bilər və edəcək. Qısa zaman ərzində bu məsələ aydınlaşmalıdır. Azərbaycan tərəfi sonsuza qədər danışıq apara bilməz. Həmçinin, ermənilərin hər dəfə bir bəhanə ilə danışıqlar masasından qaçmasını və prosesi uzatmasını qəbul edə bilməz. Qısa zaman ərzində bu məsələ həll olunmazsa, Azərbaycan hərbi üsula əl atacaq və öz torpaqlarını azad edəcək".
F. Quliyev qeyd edib ki, əgər Rusiya bir addım geri çəkilsə, biz bayrağımızı İrəvana sanca bilərik:
“Qonşu ölkələrlə həmişə danışıqlar olub. Rusiya da ATƏT-in üzvlərindən biridir. Mən bilmirəm danışığın məğzi nədən ibarətdir. Çünki, bunun detallarını bütün ictimaiyyətlə bölüşülmür. Amma Ermənistan tərəfi təbii ki, bütün məsələlərdə Rusiyadan icazə alır. Onsuz da Ermənistan Rusiyanın əyalətidir. Guya ortaq ordu yaradıblar, Ermənistan bütün hərbi dəstəyini Rusiyadan alır. Rusiya Ermənistanın arxasında duran və 366-cı motoatıcı alayla Xocalı soyqrımını edən dövlətdir. Əgər Rusiya bir addım geri çəkilsə, biz bayrağımızı İrəvana sanca bilərik. Çalışırıq ki, Rusiya ilə münasibətləri pozmayaq. Ancaq Rusiya da ATƏT-in Minsk qrupunda obyektiv mövqedən çıxış etməlidir”.

Şahmərdan Əhmədli
Bu xəbər oxucular tərəfindən 415 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed