Şrift:
Kəmfürsətlər...
05.04.2019 [10:06] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Radikal müxalifət çirkli pullar naminə qarşıdurma yaratmaq üçün məqam axtarır

Azərbaycanın 28 illik müstəqillik tarixində beynəlxalq aləmə sürətli inteqrasiyası, dünyada söz sahibinə, mötəbər təşkilatların fəal üzvünə çevrilməsi, hətta bir sıra nüfuzlu qurumlara sədrlik etməsi antiazərbaycan qüvvələrin, necə deyərlər, kürkünə birə salıb. Postsovet ölkələri, habelə müstəqillik tarixi daha çox olan Avropanın bir sıra dövlətləri ilə müqayisədə Azərbaycanın uğurlarının bədxahlarımızı narahat etməsi başadüşüləndir. Onlar öz məkrli niyyətlərini həyata keçirmək üçün şəxsi mənafeləri naminə hər şeyini qurban verməyə hazır olan “sapı özümüzdən olan baltalar”dan alət kimi istifadə edir, belə xəyanətkarların ötürdükləri “faktlar” əsasında hesabatlar hazırlayır və respublikamızın beynəlxalq aləmdə getdikcə artan nüfuzuna xələl gətirmək üçün minbir oyundan çıxırlar.

Vətənin, xalqın inkişafını, tərəqqisini gözü götürməyən belə kəmfürsətlər sanki pusquda dayanaraq ölkədə qarşıdurma yaratmağa məqam gözləyirlər. Hər dəfə də çaşqınlıq yaratmaq cəhdləri iflasa uğrayır. Maddi maraqları naminə xarici havadarlarının çaldıqları hər havaya oynayan radikal müxalifət nümayəndələri, əslində, satqınlar, 25 ilə yaxındır ki, hakimiyyəti ələ keçirmək üçün dəridən-qabıqdan çıxır, hətta ermənilərlə də əməkdaşlıq edir, onlardan maddi yardım alırlar. Hazırda həmin ünsürlər yenidən fəallaşıblar və milli dəyər, məfkurə və müqəddəratımıza zidd olan hərəkətləri ilə Azərbaycanda sürətlə gerçəkləşən, geniş vüsət almış və son zamanlar daha da intensivləşən islahatlara hər addımbaşı kölgə salmaq yolunu tutublar.
Son vaxtlar Prezident İlham Əliyevin həyata keçirdiyi bir sıra islahatların nəticəsi artıq öz bəhrəsini verir. Əhalinin, xüsusilə şəhid ailələrinin, əlillərin, aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsi, bütövlükdə, ölkəmizdə insan kapitalının sürətli inkişafına xidmət edən çoxsaylı qərarlar qəbul edildikdən sonra məlum xarici antiazərbaycan qüvvələr daha da fəallaşıblar. Bu qüvvələr xaricdəki antiazərbaycan şəbəkəsi və ölkəmizin daxilindəki satqınlar , o cümlədən AXCP sədri Əli Kərimlini və onun ətrafını, adı olub, özü olmayan “Milli Şura”nın sədri Cəmil Həsənlini, və digər xəyanətkar ünsürləri fəallaşdıraraq işə qoşublar.
Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın sanki onlar üçün , necə deyərlər, göydəndüşmə oldu. Dərhal yanğından zərərçəkən kiçik sahibkarlara öz “qayğılarını “ təklif etdilər və onları “Məhsul” stadionuna mitinqə dəvət etdilər. Belə yerdə deyiblər: “Keçi can hayındadır, qəssab piy axtarır”. Bəli, radikalların başçısı Əli Kərimli və Cəmil Həsənli belə piy axtaran qəssablardır. Ancaq onların budəfəki canfəşanlığının da bir faydası olmadı. Elə ilk sərt tənqid də müxalifət partiyalarının sədrlərindən gəldi.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev də hazırda mitinqlərə, kütləvi aksiyalara əsaslı səbəb olmadığını dedi: “Mitinqlər, aksiyalar üçün sosial tələb olmalıdır. Son vaxtlar dövlət başçısı bir-birinin ardınca sərəncamlar imzalayır, qərarlar qəbul edir, əfv sərəncamı verir. Bunların hamısı xalqın xeyrinə, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə yönəldilib. Əfv sərəncamı beynəlxalq təşkilatlar tərəfindən də dəyərləndirildi. Elə ticarət mərkəzində baş vermiş yanğından zərərçəkənlərə dövlətin dəstək çıxmasını, onlara Prezidentin ehtiyat fondundan maddi yardım edilməsini götürək. Dünyanın heç bir ölkəsində öz vətəndaşına belə qayğı yoxdur. Müxalifətçilik o demək deyil ki, hər şeyi qara rəngdə görəsən. Əli Kərimli hər şeyi qara rəngdə görən “müxalifətçi”lərdəndir. Əslində, o, müxalifət adına ləkədir. Həmişə radikal mövqedə olub və dövlətin uğurlarına heç vaxt sevinməyib. Xarici havadarlarının diktəsi ilə hərəkət edən Əli Kərimli ölkədə aranı qarışdırmaq, qarşıdurma yaratmaq üçün çoxdandır ki, antiazərbaycan qüvvələrin əlində alətdir. Bu yolla pul qazanmaq, nəinki müxalifət, hətta azərbaycanlı adına yaraşmır”.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Bu xəbər oxucular tərəfindən 560 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed