Şrift:
“Təklif etmişəm ki, bu mədənlər raketlə vurulsun” – Millət vəkili
05.04.2019 [10:10] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Erməni ordusuna dəstək verən şirkət və dövlətlərə qarşı sanksiya tətbiq edilməlidir”

Xəbər verdiyimiz kimi, Rusiyanın “EKO-1” şirkəti Ermənistan ordusuna 203 ədəd soyuducu hədiyyə edib.

İşğalçı orduya dəstək verən, bu və bu kimi hədiyyələrlə onun təsərrüfat və ya hərbi təchizatını yaxşılaşdıran şirkətlərlə bağlı Azərbaycan konkret addımlar atmalıdırmı? Bu qəbildən olan şirkətlərin məhsullarının ölkəmizdə satışının yasaqlanması, fəaliyyətinin məhdudlaşdırılması digər şirkətləri də erməni ordusuna dəstəkdən çəkindirə bilərmi?

Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev həmin şirkət və dövlətlərin cəzalandırılmasının zəruri olduğunu vurğuladı:

“Bu, vacib məsələlərdən biridir. ABŞ bu gün Rusiya və İrana qarşı sanksiyalar tətbiq edir. Səbəb bu ölkələrin bəzi addımlarını özünə, öz maraqlarına təhdid hesab etməsidir. Hansı ki, bu ölkələrlə ABŞ arasında böyük məsafələr mövcuddur. Ermənistan ordusu faktiki olaraq Azərbaycan əraizini işğal edib. Bu orduya hansı şirkət, hansı dövlət yardım edirsə, ona qarşı sanksiya tətbiq olunmalıdır. Ölkəmiz onlarla iqtisadi münasibətlərə də yenidən baxmalıdır. Biz hansısa dövlətə iqtisadi divident veririksə, onlar bundan faydalanıb öz qazanclarını Azərbaycanın düşmənlərinə verməli deyillər ki, ermənilər də bundan bizə qarşı istifadə eləsin.

Bu yaxınlarda parlamentdə bir məsələ qaldırdım. Qeyd etdim ki, işğal edilmiş torpaqlarımızda bir çox dövlətlərin şirkətləri bizim mədənlərin istismarı ilə məşğuldurlar. O şirkətlərlə, onların təmsil olunduğu dövlətlərlə bağlı da addımların atılmasını təklif etdim. Hətta həmin mədənlərin raketlərlə vurulmasını təklif etdim.

Rusiya sanksiyalara məruz qaldığı dövrlərdə həmişə Azərbaycandan dəstək alıb. Azərbaycan bu sanksiyalara qoşulmadı. Bəs Ermənistan Rusiyaya hansı dividenti verir? Heç bir divident vermir. Hesab edirəm ki, bu məsələlər açıq şəkildə danışılmalı, gərəkirsə nota verilməlidir. Rusiya guya ATƏT-in Minsk qrupunda vasitəçidir. O, tərəf tutmalı deyil. Amma Rusiya birbaşa erməni ordusuna dəstək verir.

Hesab edirəm ki, XİN tərəfindən buna sərt münasibət bidlirilməlidir. Rusiya da daxil olmaqla Azərbaycanın maraqlarına zidd olan addımlar atan dövlətlər lə bağlanan iqtisadi müqavilələrə yenidən baxılmalıdır”.

Seymur ƏLİYEV
Bu xəbər oxucular tərəfindən 257 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed