Şrift:
Azərbaycanlı fəal Cəfər Rüstəmirad məhkəməyə çağırılıb
05.04.2019 [11:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad Tehranın Apelyasiya Məhkəməsinə çağırılıb.

Elektron məktubu vasitəsi ilə məhkəməyə çağırılan fəal mayın 21-i yerli vaxtla saat 10:00-da Tehran Əyaləti Apelyasiya Məhkəməsinin 36-cı şöbəsinə müraciət etməlidir.

Bundan əvvəl Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi 2018-ci il iyul ayında keçirilən ənənəvi Babək qalası yürüşü ilə əlaqədar saxlanılan azərbaycanlı fəallar İbrahim Nuri və Cəfər Rüstəmirad barəsində ağır hökm çıxarıb.

Məhkəmə qərarına görə, İbrahim Nuri 18 ay, Cəfər Rüstəmirad isə 6 ay həbs cəzasına məhkum edilib. Fəalların ikisi də hər hansı qrup və ictimai-siyasi birliyə üzv olmaq, eləcə də mətbuat fəaliyyətindən məhrum edilib.
Həmçinin hökmə əsasən, İbrahim Nuri Əfqanıstan sərhəddində yerləşən Nehbəndan şəhərinə 2 il müddətinə sürgünə göndəriləcək.
Şifahi olaraq açıqlanan hökmdə qeyd olunub ki, Cəfər Rüstəmiradın dosyesində olan bundan əvvəlki 7 aylıq həbs cəzası, budəfəki məhkəmə hökmünə əsas verən dəlillərdən biri kimi qəbul olunub.

Beynəlxalq Əfv Təşkilatı 2018-ci ilin avqust ayında türk, fars və ingilis dillərində Babək qalası yürüşü və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayaraq təcridxanalarda saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılması və digər tutulan fəallara bəraət verilməsini tələb etmişdir. Buna baxmayaraq İran rejimi həmin dosye ilə əlaqədar bir çox fəalı məhkəmə qarşısına çıxarıb, onlar hələ də təqib olunur.

N.S
Bu xəbər oxucular tərəfindən 124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed