Şrift:
Aprel şəhidinin xatirəsinə həsr olunmuş kitabın təqdimatı keçirilib
06.04.2019 [11:00] - Gündəm, Kitab evi
Aprelin 5-də Qəbələ Rayon Mədəniyyət Mərkəzində aprel şəhidi Sahil Şirinova həsr olunan “O, el üçün doğulmuşdur” kitabının təqdimatı keçirilib. Tədbirdə şəhidin doğmaları, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin döyüş yoldaşları, təhsil və mədəniyyət işçiləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidlərin ölməz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbiri açan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev 2016-cı ilin Aprel döyüşlərindən danışıb, Sahil Şirinovun ailəsinə Allahdan səbir diləyib, dövlətimizin daim onların yanında olduğunu vurğulayıb.

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova çıxış edərək, kitabın müəllifi Bəydadaş Cəfərliyə və nəşrində göstərdiyi köməkliyə görə 117 saylı Oğuz–Qəbələ dairəsindən Milli Məclisin deputatı seçilən Aqiyə Naxçıvanlıya öz təşəkkürünü bildirib.

Deputatın köməkçisi Səyavuş Hidayətov Aqiyə Naxçıvanlının hər zaman seçicilərinin problemlərini, qayğılarını diqqətdə saxladığını söyləyib, kitabın nəşrinin Aprel şəhidinin əziz xatirəsinə bir töhfə olduğunu vurğulayıb.

Tədbirdə şəhidin təhsil aldığı məktəbin müəllimləri, “Oğuz” Yazıçılar Birliyinin sədri, Qəbələ Rayon Qarabağ Müharibəsi Veteranları Şurasının sədri, şəhidin döyüş yoldaşları və kitabın müəllifi Sahil Şirinov barədə ürək sözlərini danışıblar.

Sonda çıxış edən şəhidin valideynləri Həsrət Şirinov və Şəhla Şirinova dövlətimizin başçısına şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildirib, kitabın nəşrində göstərdiyi dəstəyə görə deputat Aqiyə Naxçıvanlıya və tədbirin təşkilinə görə rayon icra hakimiyyətinə minnətdarlıqlarını ifadə ediblər. Onlar Vətən uğrunda canlarından keçən qəhrəman övladlarımızın qanının yerdə qalmayacağını, düşməndən amansız qisas alınacağını, torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminliklərini bildiriblər.
Bu xəbər oxucular tərəfindən 54 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed