Şrift:
Aprel döyüşləri gücümüzün və birliyimizin tərənnümüdür
06.04.2019 [11:08] - Xəbərlər, Siyasət, Bildiriş
Azərbaycan Ordusunun 2016-cı ilin aprelində qazandığı zəfərin üçüncü ildönümü cəbhə bölgəsində yerləşən Tərtər rayonunda böyük coşqu ilə qeyd olunub.

Müdafiə Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bayram tədbirində N saylı hərbi hissənin şəxsi heyəti, rayon ictimaiyyəti, Milli Məclisin deputatları, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, incəsənət nümayəndələri iştirak edib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Ümummilli Liderin və Vətənimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbirdə bildirilib ki, 2016-cı ilin Aprel döyüşləri xalqımıza qələbə sevinci yaşatmaqla bərabər böyük qələbənin də başlanğıcı oldu. Düşmən təxribatının qarşısı alındı, ona sarsıdıcı zərbə vuruldu və ordumuz minlərlə hektar ərazini işğalçılardan azad etdi.

General-mayor Hikmət Həsənov diqqətə çatdırıb ki, 2016-cı il martın ortalarından etibarən Ermənistanın silahlı qüvvələri təxribatlarını artıraraq cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin dinc əhalisinin atəşə tutulmasını daha da gücləndirdi. Aprelin 1-dən 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz müxtəlif silahlardan intensiv atəşə tutuldu. Qarşı tərəfin hərbi fəallığını genişləndirməsinə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə komandanlıq əməliyyat şəraitini qiymətləndirərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verdi. Qısa müddətdə 2000 hektardan artıq ərazi azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, düşmənlə 48 kilometr təmas xəttində yaşayan qəhrəman tərtərlilər Aprel döyüşlərinin təəssüratlarını bu gün də yaşayırlar. Aprel döyüşləri düşmənlərimizlə yanaşı, bütün dünyaya sübut etdi ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Ali Baş Komandan, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dünyanın inkişaf etmiş orduları sırasında qərarlaşan güclü ordumuz var. Ordumuz işğal altında olan bütün Azərbaycan torpaqlarını Ali Baş Komandanın əmri ilə azad etmək gücündədir.

Müdafiə Nazirliyinin əməkdaşı, dövlət qulluqçusu Zümrüd Səmədova oğlunun Aprel döyüşlərinin iştirakçısı olması ilə qürur duyduğunu bildirməklə yanaşı, övladının və əsgər dostlarının bu gün də Ali Baş Komandanın döyüş əmrinə hazır olduğunu diqqətə çatdırıb.

Aprel şəhidlərindən kapitan İnqilab Quliyevin atası Çingiz Quliyev və gizir Nicat İsgəndərovun anası Maya İsgəndərova oğullarının Vətən, torpaq uğrunda şəhid olması ilə qürur duyduqlarını qeyd edərək, Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbir bədii hissə ilə davam edib, vətənpərvər ruhlu musiqi səsləndirilib. Xüsusi təyinatlı hərbçilərin çıxışları maraqla qarşılanıb.
Bu xəbər oxucular tərəfindən 60 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed